Sumqayıt şəhər prokurorluğundan ov tüfəngi ilə atəş açaraq bir nəfəri ağır yaralamış şəxslə bağlı AÇIQLAMA

19:40 15-10-2020 18

Oktyabrın 15-də, saat 9 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Natiq Çələbiyevin odlu silahdan açılmış atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sumqayıt şəhər prokurorluğundan milletinsesi.info-a açıqlama verilib.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla Sumqayıt şəhər sakini Loğman Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Yalçın Səlimovu öldürmək məqsədilə ov tüfəngindən atəş açmış, lakin sonuncunun qaçması səbəbindən həmin vaxt orada olan Natiq Çələbiyevin atəş nəticəsində çoxsaylı xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Loğman Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.