Aleksandr Merejko: “Azərbaycan işğal olunmuş ərazilərini azad etmək hüququna sahibdir”

21:45 27-09-2020 15

“Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcəkdir. Azərbaycan da eynilə Ukraynanın ərazi bütövlüyünü bu cür dəstəkləyir”.

Bunu Ukrayna Ali Radasının xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko Ermənistanın Azərbaycana qarşı son təxribatını şərh edərkən bildirib.

“Birincisi, Ukraynanın bu mövqeyi beynəlxalq hüququn təməl prinsiplərinə tamamilə uyğundur. İkincisi, Azərbaycan bizim strateji müttəfiqimizdir, bu da rəsmi şəkildə təsdiqlənib. Beynəlxalq hüquq baxımından Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək hüququ var. Bu, BMT Nizamnaməsinin dövlətin ayrılmaz özünümüdafiə hüququna dair 51-ci maddəsinə, həmçinin BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrinə uyğundur”, - deyə A.Merejko bildirib.

O bildirib ki, siyasi nöqteyi nəzərdən Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması üzrə fəaliyyətləri özünümüdafiə hüququndan istifadənin danışıqlar dalanından real çıxış olmasının nümunəsidir.

“Bu planda biz müəyyən bir siyasi presedentin formalaşmasını müşahidə edirik. İndi Azərbaycana faktiki olaraq onun ərazilərinin bir hissəsinin işğalına kömək etmiş və Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş Ermənistanı dəstəkləyən dövlət tərəfindən siyasi təzyiq göstərilməməsi vacibdir. Sonda Azərbaycanın hüquqazidd şəkildə işğal olunmuş ərazisini tamamilə azad edəcəyinə ümidvar olduğumu bildirmək istərdim”, - deyə A.Merejko qeyd edib.