Şəkidə 27 ədəd qovaq ağacının məhv edilməsi ilə bağlı cinayət işi açıldı

10:10 17-09-2020 11

Şəki rayonu Baş Kəldək bələdiyyəsinin mülkiyyətinə aid, Aşağı Kəldək kəndinin ərazisində yerləşən ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Şəki Rayon Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Şəki Rayon Prokurorluğu məlumat yayıb. 

Bildirilib ki, kəndin ərazisində 27 ədəd qovaq və 1 ədəd qoz cinsli ağacların məhv edilməsi nəticəsində təbiətə 60 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb. 

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyən olunaraq ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.