“Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz
addımlar atır” – Baş İcraçı direktor Q.Panke

17:28 04-08-2020 30

“Koronavirus pandemiyası ilə mübarizənin aparıldığı bu həssas dövrdə “Nar” üçün ən
vacib məsələ 2,3 milyon abunəçisinin xüsusi ehtiyaclarının nəzərə alınmasıdır. Mobil
operator olaraq virusla mübarizə üçün təxirəsalınmaz addımlar atırıq”. Bunu “Nar”ın Baş
İcraçı direktoru Qunnar Panke xüsusi karantin rejimi dövründə müştərilərinə təqdim
etdikləri xidmətlər barədə İTV telekanalına müsahibəsində deyib. Q. Panke qeyd edib ki,
müştərilərə fasiləsiz xidmətlər göstərmək üçün gücləndirilmiş iş rejimində çalışırlar.
Abunəçilərin sağlamlığının mobil operator üçün böyük əhəmiyyət daşıdığını bildirən Baş
İcraçı direktor xüsusi karantin rejimi dövründə müştərilər üçün özəl xidmətlər
yaratdıqlarını bildirib.
Q.Panke müştərilərin evdə qalması üçün “Nar”ın təqdim etdiyi onlayn və səyyar
xidmətlər, eləcə də şəbəkəsi haqqında da məlumat verib: “Bu dövrdə bizim qarşımızda
duran iki məsələ var idi. Birincisi, şəbəkəmizə xüsusi diqqət ayırdıq. Çünki karantin
rejimində insanların daim əlaqədə qalması çox vacibdir. Ona görə də 24/7 rejimində
şəbəkəyə nəzarət edən komandalarımız gücləndirilmiş rejimdə işləməyə başladı.
İkincisi isə Müştəri Xidmətlərimizi tam hazır vəziyyətdə gətirdik ki, karantin dövründə
abunəçilərimiz günün 24 saatı, həftənin 7 günü istənilən vaxt bizimlə əlaqə saxlaya
bilsinlər.
Bundan başqa, koronavirus pandemiyasının mobil operatorun biznesinə təsiri barədə də
danışan Q.Panke vurğulayıb ki, mart ayının ikinci yarısından etibarən, gəlirlərin azaldığı
müşahidə edilir. Çünki insanlar evdə olarkən mobil xidmətlərdən deyil, sabit internet və
telefon şəbəkəsindən istifadə etməyə üstünlük verir. Bunlara baxmaraq, “Nar”
abunəçilərinə təqdim etdiyi sərfəli qiymətlərə sadiq qalır.
Qeyd edək ki, “Nar”ın Baş İcraçı direktoru Qunnar Pankenin İTV telekanalına
müsahibəsinin videosuna aşağıdakı linkdə baxmaq olar: https://youtu.be/aQ30pivBTU4