Şəhid generalın 30 illik dostu: “Hər zaman döyüş bölgələrində əsgərlərin yanında olub”

22:35 14-07-2020 13

“Bu gün Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Nə yaxşı ki, Polad Həşimov kimi bir qardaşı tanımışam. 1988-ci ildən onu tanıyıram. Onun şəhidlik zirvəsinə ucalması ilə fəxr edirəm”.

Bu sözləri milletinsesi.info-a bu gün şəhid olan general-mayor Polad Həşimovun 30 illik dostu, sinif yoldaşı Rövşən Məmmədov deyib. 

O bildirib ki, bu gün Polad Həşimov yenidən doğulub:

“O, hər zaman döyüş bölgələrində əsgərlərin yanında olub. Bütün əsgərləri öz övladı bilirdi. Həmişə ailəsinə, yoldaşlarına deyirdi ki, siz mənim ürəyimdəsiz. Amma məni hərbi xidmətdə balalarım gözləyir”.

Qonşusu Mahir Məmmədov deyir ki, Polad haqqında danışmaq həm ağrılıdı, həm sevinclidi:

“Şəhid adı almaq hər kəsə nəsib olmaz. Bütün Azərbaycan, eləcə də Sumqayıt generalı ilə fəxr edir. Gənclər, vətənpərvər oğullar onun, bütün şəhidlərimizin qanını yerdə qoymayacaq. Allah bütün şəhidlərə rəhmət eləsin. Vətən sağ olsun!”

Könül Cəfərli