Bakı Limanı Çindən gələn növbəti yük karvanını Türkiyəyə yola saldı - FOTO

10:15 30-06-2020 9

Çindən hərəkət edən növbəti yük karvanı Bakı Limanından keçərək, Türkiyəyə yola salınıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən verilən məlumata görə, iyunun 30-da Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənən 43 konteynerdən ibarət blok qatarındakı yük Bakı Limanında aşırılıb.

Altı saat davam edən yükaşırma əməliyyatından sonra yüklər Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Türkiyəyə çatacaq.

Qatarla Türkiyəyə Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü “Ady Container” MMC-dir.

Qeyd edək ki, bu, Sian-İstanbul marşrutu üzrə hərəkət edən ikinci karvandır. “Xi'an Free Trade Port Construction and Operations” logistik platforma tərəfindən təşkil olunan blok qatar mütəmadi olaraq Çindən Türkiyəyə yüklər daşıyacaq.