PARADOKS

AKTUAL

Baş infeksionist koronovirusla bağlı psixoloji sarsıntıya, təşvişə heç bir əsas olmadığını deyir

25-03-2020, 01:13
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 32

 Baş infeksionist koronovirusla bağlı psixoloji sarsıntıya, təşvişə heç bir əsas olmadığını deyir
Bu gün dünyanın bir nömrəli probleminə çevrilən koronavirus infeksiyasının
Azərbaycanda yayılma səviyyəsi ilə bağlı son durum haqqında Respublikanın baş
infeksionisti, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev
əməkdaşımızın suallarını cavablandırıb. Qeyd edib ki, açıqlama verdiyi anadək
dünyada 200 mindən artıq adamın koronavirusla xəstələnməsi hadisəsi aşkarlanıb:
“Xəstələnənlər içərisində 8000-dən artıq ölüm hadisəsi qeydə alınıb. Daha çox
xəstələnmə halları İtaliyada, İranda, İspaniyada, ümumiyyətlə Avropa ölkələrində
müşahidə olunur. Hazırda Azərbaycanda 33 nəfər aktiv koronavirus xəstəsi xüsusi
rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı
müvafiq tədbirlər davam etdirilir. Ölkəmizdə Nazirlər Kabinetinin yanında
yaradılmış Operativ Qərargahın qərarına əsasən, tədbirlər sistemi işlənib
hazırlanıb. Həmin tədbirlərdən irəli gələn tövsiyələrə əməl etmək bu xəstəliyin
ölkəmizdə daha geniş yayılmasının qarşısını almaq baxımından çox vacibdir.
Bu virusun hələ ilk dəfə Çində yayıldığı dövrdən önləyici tədbirlərə
başlanıldığını deyən baş infeksionist qeyd edib ki, məhz bu önləyici tədbirlərin
nəticəsində koronavirus İranda yayılana qədər bizdə bir nəfərdə də aşkarlanmadı:
“Yalnız qonşu İran İslam Respublikasında yayılandan sonra virusun ölkəmizə
keçməsi müşahidə olundu. Çünki İranla bizim ticari və turizm əlaqələrimiz çox
genişdir. Qohum-əqrəba arasında çoxsaylı gediş-gəlişi və ziyarətə gedənləri də
nəzərə alsaq, ümumi mənzərə aydın görünər. Ölkəmisdə koronavirusa yoluxma
faktının ilk və əsas səbəbi bu oldu”.
C.İsayev bildirib ki, qabaqlayıcı tədbirlərdən ən önəmlisi hər bir vətəndaşın
özünü bu virusdan qorumasıdır: “Qorumaq deyəndə respirator xəstəliyin əlamətləri
müşahidə olunan insanlardan mümkün qədər uzaq durmaq, onlarla təmasdan
qaçmaq, ictimai nəqliyyatdan az istifadə etmək, kütləvi tədbirlərə qatılmamaq,
xüsusi zərurət olmadan qonşuya, qohum evinə gedib-gəlməkdən çəkinmək
nəzərdə tutulur. Açıq havada, insanların çox olmadığı yerlərdə gəzməyə üstünlük
verilməlidir. Çalışmalıyıq ki, insanlarla təmas zamanı aramızdakı məsafə 1
metrdən aşağı olmasın. Bu məsafə çox olduqca xəstəliyə yoluxma ehtimalı da
azalır.
Əllərimizin təmiz saxlanılması ən vacib amillərdən biridir. Gündəlik
fəaliyyətimizdə çoxlu sayda əşyalara toxunduğumuzdan həmin anda əllərin
sabunlu su ilə yuyulması zəruridir. Əgər belə imkan yoxdursa, üstünüzdə bir

dezinfeksiyaedici məhlul olmalıdır. Bu da olmadıqda ən azı 70 faizlik spirtli
məhlulla əllərin silinməsi, gigiyenik qaydaların gözlənilməsi zəruridir”.
Onsuz da xarici ölkələrin çoxu ilə əlaqələrimizin məhdudlaşdırıldığını
xatırladan C.İsayev xarici səfərləri tamamilə təxirə salmağı, infeksiyanın geniş
yayıldığı ölkələrə getməməyi tövsiyə edir.
Baş infeksionistin sözlərinə görə, ən çox təbii qidalardan istifadə olunmalıdır:
“Qida rasionunda meyvə-tərəvəzə üstünlük verilməli, eyni zamanda 8, ən azı 7
saatlıq yuxu rejimi gözlənilməlidir. Oturaq həyat tərzi keçirmək düzgün deyil.
Zərurət yaranmadıqda kompüterlə, telefonla məşğul olmamaq, mənzillərin və iş
otaqlarının havasını tez-tez dəyişmək məsləhət görülür.
Psixoloji sarsıntıya, təşvişə heç bir əsas olmadığını vurğulayan həkim bildirib
ki, bu virus digər pespirator virus infeksiyalarından kliniki olaraq fərqlənmir:
“Ancaq yaşlı insanlarda bu xəstəlik ağır keçə bilər. Müşahidələr, statistik
araşdırmalar göstərir ki, xəstələnənlərin bir faizini 1 yaşdan 19 yaşa qədər, 80
faizdən çoxunu isə 50 yaşdan yuxarı olan insanlar təşkil edir. Ağırlaşma da daha
çox yaşlı insanlarda baş verir. Bu da yaşlı insanlarda zaman keçdikcə immun
sisteminin zəifləməsi, onlarda hər hansı yanaşı xroniki xəstəliyin olması ilə
bağlıdır. Yəni xroniki xəstəliyi olan insanlarda bu xəstəliyin ağır keçmə ehtimalı
sağlamlığı normal olan insanlarla müqayisədə daha yüksəkdir. Ona görə də yaşlı
insanlar özlərini gözləməlidir. Belə xəstəliyə xas olan kliniki əlamətlər: hərarətin
yüksəlməsi, baş ağrısı, halsızlıq, ümumi vəziyyətin pisləşməsi, öskürmə, asqırma,
boğazda qıcıqlanma müşahidə edilərsə, mütləq həkimə müraciət olunmalı, 103-ə
zəng vurulmalıdır. Əgər bu insanlar hansısa Avropa ölkəsində, İranda olubsa,
qohumlarından kimsə koronavirus yayılan ölkələrdən gəlibsə, onlardan müayinə
üçün material götürülüb yoxlanılmağa göndərilir və xüsusi nəzarətdə saxlanılır.
Zəruru tövsiyələrə əməl edilməsi infeksiyanın yayılmasının qarşısını almaqda
önəmli rol oynayır.
Dövlət tərəfindən bununla bağlı çoxsaylı tədbirlər işlənib hazırlanır.
Vətəndaşlarımız qəbul edilən qərarlara əməl etməlidirlər. Belə olarsa, bu
infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısı alınar. Təbii ki, bu, epidemioloji
prosesdir, həm hava-damcı, həm də təmas yolu ilə yayılan infeksiyadır. Qarşısını
almağa nə qədər cəhd etsək də, rast gəlinəcəkdir. Başlıca məqsəd yayılma tempini
aşağı salmaqdan ibarətdir”.
Baş infeksionist diqqətə çatdırıb ki, qoruyucu vasitə kimi maskanı bir qayda
olaraq xəstənin taxması vacib şərtdir. Sağlam şəxs isə insanların çox olduğu

yerlərə gedərkən maska taxa bilər. Məsələn, neftin ucuzlaşması ilə bağlı insanlar
xarici valyuta almaq üçün banklara üz tutur, orada sıxlıq yaranır. Belə yerlərdə
maska taxmaq məsləhət görülür.
C.İsayev onu da vurğulayıb ki, əgər kiminsə özündə koronavirus şübhəsi varsa,
karantinə alınmağa, nəzarətə götürülməyə könüllü getməlidir. Xəstəliyə yoluxanlar
anlamalıdırlar ki, müayinə və müalicədən yayınmaqla həm özlərinin, həm də
yaxınlarının həyatını risk altında qoymuş olurlar. Koronavirusun əlamətləri digər
respirator infeksiyaların əlamətlərindən fərqlənmədiyinə görə ilkin müayinə ilə
dəqiq diaqnoz qoymaq mümkün deyil. Yəni toplanan məlumatlar əsasında şübhə
yaranarsa, həkimin göstərişi ilə xəstədən lazımi material götürülərək laborator
müayinəyə göndərilir və müayinələrin nəticələrindən asılı olaraq qərar verilir.
Artıq bütün dünyanı bürüyən koronavirusla mübarizədə və maarifləndirmə
işində ölkəmizin yeganə ali tibb məktəbi olan Azərbaycan Tibb Universitetinin də
üzərinə böyük məsuliyyət düşdüyünü söyləyən C.İsayev həkimlərimizin
fədakarlığı sayəsində və Allahın köməyi ilə bu bəladan da kiçik itkilərlə
çıxacağımıza əminliyini ifadə edib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI