PARADOKS

AKTUAL

Metropolitenin bayram sürprizləri Retro vaqonlar yenidən xətdə

26-12-2018, 20:39
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 166

 Metropolitenin bayram sürprizləri Retro vaqonlar yenidən xətdə

Hər il olduğu kimi, bu il də “Bakı Metropoliteni” QSC ənənəsinə sadiq
qalaraq, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
münasibətilə sərnişinlərinə xüsusi layihələr təqdim edəcək.
Yola salmağa hazırlaşdığımız 2018-ci ilin son günlərində metronun
stansiyalarında bayram əhval-ruhiyyəsi hiss olunur. “İçərişəhər”, “28 May”,
“Nizami”, “Elmlər Akademiyası”, “Koroğlu”, “Avtovağzal”, “Bakmil” və “Memar
Əcəmi” (Bənövşəyi xətt) stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları
quraşdırılıb. Bununla yanaşı, stansiyaların monitorlarında hər iki bayramla bağlı
təbriklər yerləşdirilib.
Bakı metropoliteninin 50 illik yubiley tədbirlərində olduğu kimi, retro
vaqonları bu dəfə də xəttə buraxılacaq. Yeni il rəmzləri ilə bəzədilmiş “A” və “Q”
tipli 2 retro vaqonların qoşulduğu iki qatar dekabr ayının 29-dan 2019-cu il yanvar
ayının 2-dək günün müəyyən saatlarında xüsusi qrafiklə xəttə buraxılacaq.
Sərnişinlərimizin orta və yaşlı nəslinin nümayəndələri hər dəfə bu vaqonları xətdə
görəndə nostalji hisslər keçirirlər. Zövqlə bəzədilərək bayram ovqatına köklənmiş
retro vaqonlara uşaqlar da biganə qalmayırlar.
Yeni il bayramının əsas qəhrəmanları Şaxta baba və Qar qız yenə də kiçik
yaşlı sərnişinlərin görüşünə gələcək. Üç gün - dekabr ayının 29-dan 31-nə qədər
metronun retro vaqonların qoşulduğu qatarlarında Yeni ilin əsas personajları
azyaşlı sərnişinlərə hədiyyələr paylayacaqlar.
Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, bu il də metropolitenin şəhərin
mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarında konsert
proqramı təşkil ediləcək. Dekabrın 30-dan yanvarın 2-dək milli muğam üçlüyü və

instrumental kvartetin ifa etdiyi canlı musiqi “İçərişəhər”, “Sahil”, “28 May”,
”Elmlər Akademiyası” stansiyalarının sərnişinlərində əsl bayram ovqatı yaradacaq.
Bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində
çalışacaq. Şəhərin məkrəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi
stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq. Zərurətdən asılı olaraq, xəttə
verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulacaq. Bundan savayı, dekabrın 31-
dən yeni il yanvarın 1-nə keçən gecə paytaxtda keçiriləcək kütləvi bayram
tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, gecə saat 02:00-a kimi Bakı
metropoliteninə giriş açıq olacaq.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI