PARADOKS

AKTUAL

Qazaxda iqtisadi inkişaf daha dayanıqlıdır, istehsal sektoru davamlıdır...

12-11-2018, 09:03
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 89

Bu gün Azərbaycanın ciddi düşünülmüş, uzun illərə hesablanmış genişmiqyaslı, çoxşaxəli iqtisadi inkişafı təmin olunur. Bu inkişafı və uğurları düzgün, düşünülmüş iqtisadi siyasət şərtləndirir. Həmin siyasətin nəticəsi olaraq, Azərbaycanın bütün bölgələri kimi, ölkəmizin qərb qapısı hesab olunan Qazax da inkişaf edir, abadlaşır, gözəlləşir.

Bu ilin ilk yarısının göstəriciləri davamlı inkişafdan xəbər verir

Ölkəmizin qərb qapısı sayılan Qazax hər zaman Azərbaycanın gəzməli-görməli yerlərindən biri olub, bənzərsiz təbiət mənzərələri, dadlı-tamlı meyvələri ilə seçilib. Son dövrlərdə rayonun inkişafına dövlət səviyyəsində göstərilən qayğının daha da artırılması nəticəsində bu bölgəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Rayonda son illərdə görülən işlərin miqyasına nəzər salsaq, açıq-aşkar görərik ki, ötən müddət ərzində burada nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılıb, körpülər və yollar salınıb, məktəblər, səhiyyə ocaqları, sosial-mədəniyyət müəssisələri üçün müasir binalar tikilib istifadəyə verilib, iqtisadiyyat, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya və digər sahələrdə böyük irəliləyişlər baş verib.

Sərhəd kəndləri daim diqqət mərkəzindədir

Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalır. Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi isə hələ də işğal altındadır. Qazax rayonu eyni zamanda Vətən torpaqlarının azadlığı uğrunda 285 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Qazax rayonunun düşmənlə sərhəddə yerləşən kəndləri daim diqqət mərkəzindədir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təyin olunduğu ilk gündən sərhəd bölgəsində yaşayan əhaliyə qayğı ilə yanaşır, qarşılaşdıqları problem və çatışmazlıqları yerindəcə həll edir. Bu diqqət və qayğının nəticəsidir ki, sərhəddə yaşayan sakinlərlə rayon rəhbərliyi arasında isti bir münasibət, doğmalıq yaranıb. Təsadüfi deyildir ki, bu gün sərhəddə yaşayan sakinlər icra başçısı Rəcəb Babaşovu öz həmkəndliləri hesab edirlər. Bu da səbəbsiz deyildir. Çünki o, mütəmadi olaraq sərhəd kəndlərində olur, onların xeyir və şər işlərində iştirak edir.
Tikinti-quruculuq tədbirləri genişləndirilib

Qazaxda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il daha 83 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparılması, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikilməsi və təmir olunması, bir binanın həyətində bu işin davam etdirilməsi rayon sakinlərinə göstərilən diqqət və qayğı deməkdir. Şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam örtükləri dəyişdirilib.
Rayonda inşa olunan Mərkəzi Xəstəxana binasının 5 korpusunda aparılan əsas tikinti işləri demək olar ki, başa çatıb. Köməkçi binaların hamısı tam hazırdır. Binanın həyətində abadlıq və səliqə-səhman işləri aparılır. Avadanlıqlar quraşdırılır. Hal-hazırda kanalizasiya xətti qoşulur. Sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün binanın kənarına səki daşları döşənir.
Qeyd edib ki, 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq Mərkəzi Xəstəxana tikintisi başa çatdıqdan sonra bölgənin ən müasir səhiyyə müəssisələrindən biri olacaqdır. 10 korpusdan ibarət olacaq binada rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. İş icraçısı bildirib ki, inşa olunan bu 5 korpusdan əlavə xəstəxana binasında təcili tibbi yardım, dializ və ümumi cərrahiyə şöbələrinin də özül hissəsi tökülüb. Bu korpuslar da inşa olunacaqdır.
Məlumat üçün onu da bildirək ki, 5 korpusdan əlavə binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası da inşa edilib. Transformator stansiyası üçün bina tikilib. Nəzarət-buraxılış məntəqəsi tikilib. Hazırda işlərin sürətlə aparılması onu deməyə əsas verir ki, 5 korpus yaxın günlərdə istifadəyə veriləcəkdir.
Bu ilin ilk altı ayında, ümumilikdə, Qazax rayonu ərazisində 16 tikinti obyektində inşaat işləri aparılıb. Rayon sakinləri üçün əlamətdar hadisələrdən biri də Qazax şəhərində 120 yerlik müasir tələblərə cavab verən yeni uşaq bağçasının istifadəyə verilməsi olub.


Sahibkarlığa dövlət dəstəyi gücləndirilir, yeni-yeni istehsal sahələri yaradılırRayonda yeni-yeni kənd təsərrüfatı obyektlərinin, sənaye müəssisələrinin yaradılması, rayonun İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqropark da bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü işlərin bariz nümunəsidir. Rayonda yaradılmış Aqropark həm kənd təsərrüfatının inkişaf etdirilməsi, həm də yeni iş yerlərinin açılması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

Aqroparkda əsas işlər tam başa çatıb. 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun, texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi yekunlaşıb. Ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilib. Bununla əlaqədar 4 ədəd transformator da quraşdırılıb.

Aqroparkda ən böyük işlərdən biri olan Xram çayı üzərində 3 pilləli nasos stansiyalarının tikilməsidir ki, bu gün nasoslar tam gücü ilə işləyir və həmin nasoslar vasitəsilə gecə-gündüz suvarma işi həyata keçirilir. Bundan əlavə, 850 hektar sahədə damcı üsulu ilə çiləmə sisteminin quraşdırılması üçün 18 km uzunluğunda sahədaxili xətlər çəkilib, boru və qurğular alınıbdır.

Bundan əlavə, 2600 tonluq soyuducu anbar da tam hazırdır. Anbarda avadanlıqların sınaq testləri də aparılıb. Bu gün həmin anbarlarda məhsullar saxlanılır. Bildirilib ki, tam hazır olan inzibati binada da bütün avadanlıqlar quraşdırılıb. Qeyd edilib ki, bütün işlər paralel şəkildə həyata keçirilib. Kompleksin həyətində həyət abadlaşma işləri aparılıb, həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib.Sözsüz ki, həyata keçirilən bu tədbirlər daxili bazarın yerli və yüksəkkeyfiyyətli məhsullarla təminatına imkan yaratmaqla yanaşı, əhalinin məşğulluq probleminin həllinə də müsbət təsir edib.

Aqrar sahədə məhsuldarlıq yüksəlib

Qazax rayonunda da Respublika Prezidenti İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatlarına yararlı əkin sahələrinin genişləndirilməsi, keyfiyyətli şum, əkin-səpin işlərinin aparılması və məhsuldar toxum sortlarının əldə olunması sahəsində tapşırıq və tövsiyələri uğurla həyata keçirilir.
Dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər.Bu gün Qazax rayonu istər aparılan tikinti-quruculuq işlərinə, istərsə də kənd təsərrüfatı sahəsində qazanılan uğurların ildən-ilə artmasına görə bütün bölgələr arasında seçilir. Bunu rəqəmlərin müqayisəsindən də aydın şəkildə görmək olar. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.

Məhsuldarlığın artırılmasının əsas şərtlərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən hər il suvarma arxları və kanalları təmir olunur, kol-kosdan və lildən təmizlənir.

Hər il rayonda əkin aparılmış taxıl sahələri artan templə yüksəlir. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə 11039,8 hektar taxıl sahəsindən 8289,2 hektarında buğda, 2750,6 hektarında arpa əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur. Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir.
2019-cu ildə də taxıl sahələrinin genişləndirilməsi məqsədilə 13180 hektarda taxıl, bundan 9400 hektarda buğda, 3780 hektarda arpa əkilməsi nəzərdə tutulmuşdur. Hazırda 2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13180 hektar taxıl sahəsindən 10805 hektar sahədə şumlanma aparılmış, 2105,5 hektar buğda, 2143 hektar arpa olmaqla, cəmi 4248,5 hektarda taxıl səpilmişdir.

Rayonda önəm verilən kənd təsərrüfatı sahələrindən biri də fındıqçılıqdır. İstər Avropa, istər Asiya ölkələrində, istərsə də postsovet məkanında Azərbaycanda istehsal olunan fındığının alıcılıq qabiliyyəti yüksəkdir. Dövlət bu istiqamətdə də kəndlilərə hər cür yardım göstərir. Bu yardımdan bəhrələnən qazaxlılar iqtisadi cəhətdən daha gəlirli olan fındıq istehsalını artırmaq məqsədilə yeni bağlar salmışlar. 2016-cı ildə rayonda 175 hektar sahədə fındıq bağı salınmışdır ki, bunun 136 hektarı bar verən sahə olmuşdur. 455 ton da məhsul toplanmışdır. 2017-ci ildə fındıq bağının sahəsi 222,83 hektar olmuşdur. 136 hektar bar verən sahədən də 460 ton məhsul tədarük edilmişdir.
2018-ci ildə isə rayonda salınmış fındıq bağının sahəsi 224,1 hektar olmuşdur. Bar verən sahə də 136,3 hektar təşkil etmişdir. Toplanmış məhsul isə 465 tondur. İllər üzrə olan artımdan da aydın şəkildə gömək olur ki, ixracyönümlü məhsul olan, ölkəyə daha çox valyuta gətirən fındıq istehsalının artırılması istiqamətində rayonda son illər ardıcıl tədbirlər görülür.

Sonda onu da qeyd edək ki...

Bu gün Qazaxda həyata keçirilən sosial-iqtisadi tədbirlər öz bəhrəsini verməkdə, demək olar ki, bütün sahələrdə inkişaf müşahidə olunmaqda, bunun da nəticəsində insanlarda yaradıcılıq, təşəbbüskarlıq, qurub-yaratmaq həvəsi daha da artmaqdadır. Müstəqilliyimizin ilk illəri ilə müqayisədə cəmiyyətimizdə müşahidə olunan yüksək dərəcədə fəallıq, işgüzarlığın olması həm də onu göstərir ki, bu gün hər bir rayon sakinində sabaha inam, ölkəmizi xoş gələcəyə doğru aparan Azərbaycan Prezidentinə sonsuz etibar, etimad var. Məhz bu amillər Qazaxı daha da çiçəklənən, qazaxlını isə hər zaman xoşbəxt, xoş güzəran sahibi edəcək.

Ələddin Kəsəmənli,
İlham Hacalı Qazaxdan

Mediaxeberleri.az üçün
Qazaxda iqtisadi inkişaf daha dayanıqlıdır, istehsal sektoru davamlıdır...


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI