PARADOKS

AKTUAL

“Azerfon”​ yeni baş icraçı direktorun təyin olunduğunu elan edir

7-12-2017, 11:05
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 85

“Azerfon”​ yeni baş icraçı direktorun təyin olunduğunu elan edir
5 Dekabr 2017-ci il tarixdə “Azerfon” MMC (“Nar”) Dr. Qunnar Pankenin şirkətin yeni baş icraçı
direktoru vəzifəsinə təyin olunduğunu elan edib.
“Azerfon” şirkətinin baş icraçı direktoru vəzifəsinə təyinatından öncə, cənab Panke İran
telekommunikasiya şirkətində (TCI) strategiya, marketinq və müştəri təcrübəsi üzrə direktor
vəzifəsində çalışıb. O, sabit və mobil telekommunikasiya, internet və media/TV sahəsində 20
illik təcrübəyə malikdir. Qunnar Panke Almaniya, Fransa, Şərqi Avropa, Latın Amerikası və Yaxın
Şərq ölkələrinin bir-birindən fərqli rabitə bazarlarında zəngin iş təcrübəsi qazanmışdır. Biznes
strategiyasının inkişafı, həyata keçirilməsi və monitorinqi sahəsində dərin bilik və təcrübəyə
sahib olmaqla yanaşı, o, həm də beynəlxalq miqyaslı ekspert kimi tanınır.
Qeyd edək ki, “Azerfon” şirkətinin sabiq baş icraçı direktoru Dr. Klaus Müller yeni karyera
imkanları ilə əlaqədar şirkətdən ayrılıb. Onun şirkətə rəhbərlik etdiyi dövr ərzində “Azerfon”
biznesin inkişaf etdirilməsi, gəlirlərin artımı və fəaliyyət effektivliyinin yüksəldilməsi
baxımından əhəmiyyətli nailiyyətlərə imza atıb.
“Azerfon” istedadlı və peşəkar kadrlardan ibarət bir kollektivdir. Bu komanda ilə və şirkətin baş
icraçı direktoru vəzifəsində çalışdığım müddət ərzində əldə etdiyimiz nəticələrə görə qürur
hissi keçirirəm. İnanıram ki, Qunnar Pankenin rəhbərliyi altında şirkət yeni zirvələr fəth
edəcək”, – deyə Klaus Müller yeni təyinatı şərh edərkən vurğulayıb.

Müsbət tendensiyanın davam etdirilməsi məqsədilə yeni təyin olunmuş baş icraçı direktor
Qunnar Panke də, öz növbəsində, fikirlərini bölüşüb: “İlk öncə, mən cənab Klaus Müllerə dərin
təşəkkürümü bildirirəm. Əminliklə bildirmək istəyirəm ki, istifadəçilərimiz üçün ən sərfəli
qiymətlər strategiyası, müştəriyönümlü xidmətlər və keyfiyyətin davamlı yüksəldilməsi
strategiyasına sadiq qalacağıq”.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə
keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin
nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High
Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə
edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət
göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI