PARADOKS

AKTUAL

Rustavi şəhərində “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin ofisində ziyalılarla görüş keçirilib

23-11-2017, 17:39
  •     
  • AKTUAL |
  •  Oxunma: 51

Rustavidə şəhərində “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin ofisində ziyalılarla görüş keçirilib. GAXA-nın Kvemo Kartli üzrə müxbirinin məlumatına görə, tədbiri açan “Salam” Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova ziyalıları salamladıqdan sonra onların həmişə cəmiyyətin xeyriyyəçilik tədbirlərində fəal olduqlarını, yeni-yeni layihələrə dəstək verdiklərini bildirib. M. Rəcəbova çıxışında gələn ildən daha maraqlı layihələrə imza atacaqlarını vurğulayaraq həmişə ziyalı köməyinə, onların müdrik və sərfəli məsləhətlərinə ehtiyac hiss olunduğunu bildirib.


 Rustavi şəhərində “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin ofisində ziyalılarla görüş keçirilib

Tədbirdə bir qrup ziyalılar Gürcüstanda, eləcə də Kvemo Kartlinin bölgələrində və azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda gedən inkişaf layihələrindən söhbət açıblar. Görüşdə oktyabrın 21-də keçirilən seçkilərdən də söhbət açılıb. Gürcüstan tarixində ilk dəfə olaraq Marneuli meri vəzifəsinə gənc azərbaycanlı kadrın seçildiyi azərbaycanlılar arasında qürurla qeyd olunduğu bildirilib.

Sonra görüş Gürcüstanda ədəbiyyat nümayəndələrinin yaradıcılığının vəziyyəti ilə bağlı mövzuya yönəldilib. Görüş çərçivəsində çıxış edən filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Kamaloğlu Bakıdan qonaq gələn Azadə Taleh Abbasqızının poeziya yaradıcılığı və onun jurnalist kimi fəaliyyəti barədə geniş söhbət açıb. O, Azadə Taleh Abbasqızının şeirlərinin həm gürcü, həm də rus dilinə tərcümə olunduğunu qeyd edib və həkim, şairə və jurnalist A. T. Abbasqızına daha böyük yaradıcılıq uğurları arzulayıb. Sonra o, “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin nəşrlərindən və şifahi xalq ədəbiyyatına, Borçalıda aşıq yaradıcılığının inkişafına və verdiyi töhfələrdən söhbət açıb.

Tədbirdə çıxış edən istedadlı şair və din xadimi, tərcüməçi Əflatun Hüseynoğlu “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinə ziyalıları bir araya topladığı üçün təşəkkürünü bildirib. O, yeni nəşr olunan kitabları, araşdırma, və tərcümələri barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O, indiyədək 3 şeirlər və bir tərcümə kitabının nəşr olunduğunu bildirib.

Görüşdə çıxış edən Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, əməkdar jurnalist Nizami Məmmədzadə ölkəmizdə Azərbaycan dilli jurnalistikanın inkişafından, söz və mətbuat azadlığından, jurnalistlərə olan qayğı və diqqətdən söhbət açaraq gələcək planları haqqında danışıb. Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar üçün ölkədə baş verən dəyişikliklər, görüşlər, həmçinin siyasi-iqtisadi yüksəlişlər haqqında olan xəbərlər kifayət qədər çatdırılmır: “Azərbaycanlıların kompakt yaşadığı bölgələrdə informasiya boşluğu hiss olunur. Buna görə də azərbaycanlı jurnalistlər ölkədə keçirilən tədbirlərdə daha fəal iştirak etməli, operativ və qərəzsiz məlumatların dərc olunmasına çalışmalı, informasiya bolluğu yaratmalıdırlar,“-jurnalist qeyd edib.

N. Məmmədzadə 2017-ci ildə Gürcüstanda bir qrup jurnalist tərəfindən “GAXA.GE” – (Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi) saytı yaradıldığı haqqında məlumat verib: “Ən başlıca məqsədimiz Gürcüstanda yaşayan azərbaycanlıları dünyada və ölkəmizdə baş verən informasiyalarla operativ olaraq yaxından tanış etmək, azərbaycanlılar yaşayan bölgələrdə yaranan informasiya boşluğunu doldurmaq və onlara baş verən ictimai-siyasi hadisələr, dövlətin həyata keçirdiyi mühüm tədbirlər haqqında xəbərləri çatdırmaqdır,” jurnalist bildirib.

O, qeyd edib ki, artıq saytın gürcü dili variantının üzərində də dizayn işləri gedir.

Tədbirdə çıxış edən şairə və jurnalist A.T. Abbasqızı hər dəfə Gürcüstana gələndə dostlarla əhatə olunduğunu və onların hər bir sahədə dəstəyini hiss etdiyini bildirib. Sonda A. T. Abbasqızı və Ə. Hüseynoğlu şeirlərini oxuyublar. A. T. Abbasqızı şair Ə. Hüseynoğluna kiçik Quran kitabı hədiyyə verib.

Sonda görüşü yekunlaşdıran M. Rəcəbova yaxın günlərdə planlaşdırdığı tədbirləri açıqlayıb və hökumət nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirlərə ziyalıları da dəvət edib və tədbir iştirakçılarına “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin hədiyyələrini təqdim edib.

Görüşdən sonra tədbir iştirakçıları Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinə baş çəkiblər. Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Leyla Əliyeva muzeydə görülən işlər və gələcək planlar haqqında ətraflı məlumat verib. O, tezliklə muzeydə gənc və istedadlı jurnalist, mərhumə Sədaqət İsmayılovanın jurnalistlik fəaliyyətindən bəhs edən guşə açılacağını bildirib.


 Rustavi şəhərində “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin ofisində ziyalılarla görüş keçirilib
 Rustavi şəhərində “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin ofisində ziyalılarla görüş keçirilib


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI