PARADOKS

AKTUAL

İrəvana son xəbərdarlıq

20-11-2017, 21:23
  •     
  • AKTUAL |
  •  Oxunma: 44

İrəvana son xəbərdarlıq Rusiya nazirinin səfəri Ermənistana təzyiqdir.

Rusiya və Ermənistanın yüksək vəzifəli şəxslərinin son günlərdə artan təmasları olduqca humanitar-mədəni adlar altında gizlədilməyə çalışılsa da, bu görüşlərin mahiyyətində bütün regionun taleyinə təsir edə biləcək mühüm geosiyasi, siyasi-diplomatik məsələlərin müzakirəsinin aparıldığını söyləmək olar. Məsələn, Sarkisyanın Moskvaya səfərinin RF-də Ermənistan Mədəniyyət Günlərinin açılışı ilə bağlı olduğu, Lavrovun Yerevana iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə səfər edəcəyi qeyd edilir. Lakin Moskva və Yerevan arasında son aparılan danışıqların Avropa Birliyinin təşəbbüsü ilə noyabrın 24-də Brüsseldə keçiriləcək “Əhatəli və genişləndirilmiş tərəfdaşlıq haqda” razılaşmanı Yerevanın imzalayıb-imzalamaması ilə bağlı olduğu aydındır.

Yerevan 2013-cu ildə “Şərq Tərəfdaşlığı” çərçivəsində belə bir sənəd imzalamaq istəsə də, son anda fikrindən daşındı və Avrasiya İqtisadi Birliyinə daxil olmağa qərar verdi. Bunun əvəzində isə Rusiyadan xeyli güzəştlər qoparmağa nail oldu. Eyni zamanda, Qərbə inteqrasiya tələb edən ölkə əhalisinin 1/3 hissəsini və “Rədd olsun Rusiya imperiyası” şüarları ilə çıxış edən ölkə müxalifətini bu yolla sakitləşdirməyə müvəffəq oldu.

İndi də eyni vəziyyət yaranıb və Ermənistan yenidən seçim qarşısındadır. Noyabrın 24-də Ermənistanın Avropa Birliyi ilə razılaşma imzalamaq ehtimalı Rusiyanı ciddi şəkildə narahat edir və o, Ermənistana təzyiqlərini artırmağa başlayıb. Sarkisyanın Moskvaya dəvət olunaraq ciddi şəkildə xəbərdarlıq almasından sonra Lavrovun səfəri ikibaşlı oyun aparmaq istəyən Yerevana növbəti və yekun xəbərdarlıq ola bilər. Ehtimal ki, Rusiya bu səfərlə həmişəki kimi məhz Qarabağ kartından istifadə etməklə Yerevanı öz orbitində saxlamağa cəhd edir. Yerevandan əvvəl Bakıya səfər edərək Azərbaycanın mövqeyini müəyyənləşdirən Rusiya Ermənistanın Avropa Birliyi ilə saziş imzalayacağı təqdirdə ona qarşı bütün vasitələrdən istifadə edə bilər. Ermənistanı ikinci Ukrayna olmaq aqibəti gözləyə bilər. Doğrudur, Yerevanın yenə də 2013-cu ildə olduğu kimi Rusiyadan güzəşt qoparmaq üçün son anadək Brüsselə yox deməyəcəyi, ən son məqamda sənədi imzalamaqdan imtina edəcəyi gözlənilsə də, lakin Rusiya Ermənistana bu ikili oyunları bağışlamır və Lavrovun son səfəri məhz Ermənistana təzyiqi artırmaq məqsədi daşıyır. Ermənistanda 4 ay sonra seçkilərin keçiriləcəyi nəzərə alınarsa, Sarkisyan rejiminin Avropa Birliyi ilə müvafiq sazişdən imtinanın qarşılığında Rusiyanın dəstəyini istəməsi gözlənilir. Əslində, Ukraynadan sonra Avropa Birliyi artıq tərəfdaşlığa cəlb edərək gələcəkdə üzvlüyə qəbul etmək istədiyi ölkələrdən qəti şəkildə özü ilə Rusiya arasında seçim tələbi irəli sürmür. Avropa Birliyi ikili tərəfdaşlığı, yəni bir ölkənin həm Rusiyayönümlü Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı cərçivəsində Moskva, həm də Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Brüssel ilə əməkdaşlığına etiraz etmir və nə vaxtsa tərəfdaş ölkələrin tamamilə onun təsir dairəsinə keçəcəyinə ümid edir. Çünki Rusiyanin yaratdığı blokların da SSRİ kimi gec-tez süquta uğrayacağını, Avrasiya İqtisadi Birliyinin Qarşılıqlı İqtisadi Yardım Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının isə Varşava Paktı kimi iflasa uğrayacağını proqnozlaşdırır. Lakin Moskva qətiyyətlə hər hansı satellitinin – əlaltısı olan dövlətin əks düşərgəyə keçməsinə qarşı çıxır və Ermənistanın Brüssellə razılaşma imzalamasına heç cür imkan vermək istəmir. Ermənistanın Avropa Birliyi ilə saziş imzalaması inandırıcı deyil, qeyd etdiyimiz kimi Sarkisyan sadəcə seçki ərəfəsində Rusiyadan tam dəstək almaq üçün Brüssellə əməkdaşlıq təhdidi ilə Rusiyanı şantaj edərək mümkün qədər çox güzəşt qoparmaq istəyir. Çünki Ermənistanın “Şərq tərəfdaşlığı” çərçivəsində saziş imzalaması onun gələcəkdə Avropa Birliyi ilə əməkdaşlığını inkişaf etdirərək, Gürcüstandan sonra Qərbin Cənubi Qafqazda güclənməsinə şərait yarada bilər. Bu isə Baltikyanı respublikaların Avropa Birliyinə qəbul edildiyi, Ukrayna ətrafında mürəkkəb şəraitin mövcudluğu dövründə Rusiyanın ətrafında üçüncü cəbhə açmış olardı. Buna isə Rusiya qətiyyətlə imkan verə bilməz. Eyni zamanda, belə bir sazişin imzalanması Rusiyanın Qafqazdan uzaqlaşdırılmasına, Qarabağ münaqişəsinin həllində böyük irəliləyişə səbəb olardı. Əslində, Avropa Birliyi ilə həmin müqaviləni bağlamağa mane olan təkcə Rusiya amili deyil, Ermənistanın özünün regional sülhə və təhlükəsizliyə maneə yaradan mövqeyi ilə ziddiyyət təşkil edən müddəalar var. Məsələn, sənəddə Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə, ATƏT-in Yekun Aktı və BMT Nizamnaməsi əsasında həlli tələb olunur. Lakin Ermənistanın sülh danışıqlarında və cəbhə xəttində tutduğu qeyri-konstruktiv mövqe bu müddəa ilə uyğun uyğun gəlmir. Eləcə də, Metsamor AES-in bağlanması tələb olunsa da, lakin Ermənistan Rusiyadan külli miqdarda kredit alaraq AES-in istismar müddətini uzadır.

Bütün bunlar, eləcə də müəyyən səbəblər Ermənistanın Rusiyanın təsirindən çıxmayacağını göstərir. Lavrovun son səfəri isə hərdən yolunu azmaq istəyən vassala senyor xəbərdarlığından başqa bir şey deyil.

Politoloq Nəzakət Məmmədova (Bizimyol.info üçün)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI