PARADOKS

AKTUAL

Azərbaycanda və dünyada boşanma mədəniyyəti…

6-08-2017, 13:47
  •     
  • AKTUAL |
  •  Oxunma: 65

Azərbaycanda və dünyada boşanma mədəniyyəti… Son 20 ildə Azərbaycanda boşanmaların sayı xeyli artıb. Statistik məlumata görə, təkcə ötən il 13 114 boşanma qeydə alınıb. Mütəxəssislər bildirir ki, boşanmaların səbəbləri arasında əsas yeri məişət zorakılığı tutur. Həmçinin maddi durumun yetərsizliyi, sonsuzluq, narkotik aludəçiliyi və s. əsas səbəblər sırasındadır.

Lakin təkcə Azərbaycanda deyil, hazırda dünyanın ən inkişaf etmiş ölkələrində də boşanmaların sayı artan sıra ilə yüksəlir. Məsələn, statistikaya görə, Macarıstanda bağlanan nikahların 67 faizi boşanma ilə nəticələnir. Bu ölkədə hər 10 kişidən biri boşanmış olur. Araşdırmalardan məlum olur ki, Macarıstanda boşamaların böyük əksəriyyətinin səbəbi çox sadə, hətta bizim üçün mənasız hesab edilən problemlərdən baş verir.

Portuqaliyada da boşanmaların sayı 68 faizdir. Statistikaya görə hər gün ölkədə azı 70 ailə boşanır. Çexiyada isə boşanma nisbəti 66 faiz olub.

İsveçdə isə boşanma nisbəti 47 faizdir. Araşdırmaya görə bu ölkədə daha çox qadınlar boşanmaya müraciət edir.

Belçika boşanma məsələsində bir çox ölkələri üstələyir. Bu ölkədə boşanma nisbəti 71 faizdir və artıq belçikalılar üçün boşanma adiləşib, heç də dramatik qəbul edilmir.

ABŞ-da isə boşanma nisbəti 53, Rusiyada 51 faizdir. Məlumata görə Rusiyada boşanmaların səbəbləri yaşayış yerinin olmaması, alkoqolizm və digər məsələlərdir.

Göründüyü kimi, dünyanın ən inkişaf ölkələrində belə boşanma məsələsi artıq adiləşib. Lakin Azərbaycandan fərqli olaraq adı çəkilən bu ölkələrdə boşanma mədəniyyəti var. Yəni, tərəflər artıq bir yerdə yaşamağın mümkün olmadığını qərarlaşdırıb, məhkəməyə müraciət edir, sivil yolla boşanmağa çalışır və çox zaman buna nail olur. Azərbaycanda isə çox nadir hallarda sivil yolla boşanma baş tutur.

Adətən cütlüklər qarşılıqlı ittihamlar, qalmaqallar ilə boşanır və çox zaman bu qalmaqallar boşanmadan sonra da davam edir, bəzən isə faciələrlə nəticələnir. Bununla bağlı tez-tez mətbuatda, mediada “Keçmiş ər arvadını öldürdü”, “Keçmiş arvadını vəhşicəsinə döydü” və s. kimi xəbərlərə rast gəlirik. Məlum olur ki, azərbaycanlı kişilərin böyük əksəriyyəti rəsmən öz arvadından boşansa belə, onu öz mülkiyyəti hesab edir, daimi nəzarətdə saxlayır, hər bir işinə, hətta geyiminə və digər məsələlərə müdaxilə etməyə çalışır. Bəzən illərlə boşandığı keçmiş arvadını kiminləsə münasibətdə olduğunu biləndə onu öldürür və ya ağır xəsarətlər yetirir.

Bəs Azərbaycanda dünya ölkələrində olduğu kimi niyə boşanma mədəniyyəti yoxdur?

Bəzi ekspertlər bildirir ki, bunun əsas səbəbi ölkədə ailə institutunun olmamasıdır. Adətən dünya ölkələrində bu cür qurumlar yüksək səviyyədə inkişaf edib və cütlüklər çox rahat şəkildə psixoloq məsləhəti ala bilirlər.

Psixoloq Elnur Rüstəmov mövzuya bu cür şərh bildirdi: “Əvvəlki illərə nisbətən, indi bəzi cütlüklər boşanmadan sonra münasibətlərinə dost kimi davam edirlər. Çox vaxt isə münasibətləri tamam kəsir, bir-birinin acığına hərəkət edirlər. Yəni, Azərbaycanda boşanma mədəniyyəti Avropa ölkələri ilə müqayisədə qat-qat aşağıdır. Çünki boşanmadan öncə, istərsə də boşanmadan sonra ailə münaqişəsi, qısqanclıq zəminində baş vermiş kriminal duruma nəzər salsaq, çoxlu sayda cinayət hadisələrinin şahidi olarıq.

Təəssüf ki, bizdə boşanmaya qədər ayrılma mərhələsi yoxdur. Belə bir praktika var ki, cütlüklər bir müddət ayrı qalırlar və bu müddət ərzində prosesə yenidən nəzər yetirirlər, münasibətlərini bir daha gözdən keçirərək evliliklərinə bir şans verirlər. Amma bəzən də onlar verdikləri qərarlarında qəti şəkildə dayanırlar.

Digər tərəfdən, bizim mütəxəssislər həm də ayrılan insanlarla konsultasiya aparırlar, enerjini faydalı işlərə yönəltmək üçün psixoloji yardım göstərillər. Aqressiyanın boşanmış insanlara ziyan verməməsi istiqamətində reabilitasiya mərhələsi keçirilir. Bütün bu neqativ halların baş verməməsi üçün ailə qurmaqdan öncə psixoloqlara müraciət edilməsi vacib məsələdir”.(müsavat)


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI