
Azərbaycan Prezidenti İlham Əliyevin türk birliyi ideyasına
şəxsi sadiqliyi Türk Dövlətləri Təşkilatında (TDT) gələcək
konsolidasiya üçün möhkəm zəmin yaradır.
Bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın bu
gün Türküstanda (Qazaxıstan) keçiriləcək qeyri-rəsmi sammiti
ərəfəsində Trend-ə
verdiyi özəl müsahibədə bildirib.
“Azərbaycan təşkilatda çox mühüm rol oynayır. Təşkilatın təsisçi
dövlətlərindən biri kimi, o, bu prosesin formalaşmasında ilk gündən
iştirak edib. Azərbaycan rəhbərliyinin nümayiş etdirdiyi güclü
siyasi iradə, həmçinin Prezident İlham Əliyevin türk birliyi
ideyasına şəxsi sadiqliyi də az əhəmiyyət daşımır. Bu isə TDT
çərçivəsində gələcək konsolidasiya üçün möhkəm zəmin yaradır”, –
deyə o qeyd edib.
Ömüralıyev Prezident İlham Əliyev 14 fevral 2024-cü il tarixində
keçirilmiş andiçmə mərasimindəki çıxışını xatırladıb:
“Bu, (Türk Dövlətləri Təşkilatı) bizim üçün əsas beynəlxalq
təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz
yoxdur. Bizim ailəmiz türk dünyasıdır”
“Bu sözlər Azərbaycanın TDT-ni bundan sonra da gücləndirmək və
onun qlobal arenada nüfuzlu və hörmət edilən oyunçuya çevrilməsinə
töhfə vermək əzmini açıq şəkildə əks etdirir”, – deyə o əlavə
edib.
TDT-nin Baş katibi qeyd edib ki, eyni zamanda Azərbaycanın
Avropa ilə Asiya arasında yerləşən strateji mövqeyi ölkəyə türk
dünyasını daha geniş beynəlxalq bazarlarla birləşdirən körpü kimi
təbii üstünlük verir.
“Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi,
Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Şərq-Qərb nəqliyyat
dəhlizinin modernləşdirilməsi daxil olmaqla iri enerji və nəqliyyat
layihələrini həyata keçirib. Bu gün Azərbaycan həm də Orta Dəhlizin
əsas hissəsidir. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu öz
ötürücülük qabiliyyətini artırmaqda davam edir və Şərqlə Qərb
arasında yükdaşımalarında mühüm rol oynayır. Praktikada bu dəhliz
artıq Asiya ilə Avropa arasında çatdırılma müddətlərinin azalmasına
kömək edir və quru nəqliyyatını daha real alternativə çevirir”, –
deyə o bildirib.
Ömüralıyev əlavə edib ki, energetika TDT çərçivəsində
əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır.
“Ümumilikdə türk dövlətləri enerji resurslarının tədarük həcminə
görə dünyada üçüncü yeri tutur. Birgə layihələr yalnız enerji
təhlükəsizliyini möhkəmləndirmir, həm də “yaşıl” keçid üçün
platforma yaradır. Bunun parlaq nümunəsi Azərbaycan, Qazaxıstan və
Özbəkistan arasında bərpa olunan enerji sahəsində strateji
tərəfdaşlıq haqqında sazişdir ki, bu da Orta Dəhliz boyunca “yaşıl
enerji körpüsü” formalaşdırır. Bundan əlavə, Azərbaycan, Gürcüstan,
Macarıstan və Rumıniya “Yaşıl dəhliz” layihəsi çərçivəsində enerji
əməkdaşlığını inkişaf etdirirlər. Layihənin əsas elementi Cənubi
Qafqazı Avropa İttifaqının enerji sistemi ilə birləşdirən Qara
dənizdən keçən yüksək gərginlikli sualtı kabeldir. Layihə əsasən
bərpa olunan elektrik enerjisinin – ilk növbədə Azərbaycan və
Gürcüstandan külək və günəş enerjisinin – sualtı interkonnektor
vasitəsilə Rumıniyaya ötürülməsini, daha sonra isə Macarıstanın və
daha geniş Avropa şəbəkəsinin enerji sisteminə inteqrasiyasını
nəzərdə tutur”, – deyə TDT-nin Baş katibi bildirib.
O qeyd edib ki, Azərbaycan təşkilat çərçivəsində iqtisadi
əlaqələri gücləndirməkdə davam edir.
“Təkcə 2025-ci ildə TDT ölkələri ilə ticarət dövriyyəsi təxminən
7,3 milyard ABŞ dollarına çatıb və əsas tərəfdaşlar Türkiyə ilə
Qazaxıstan olaraq qalır. Əməkdaşlığın əsas mexanizmlərindən biri
Türk İnvestisiya Fondudur. Onun yaradılması ilk dəfə Prezident
İlham Əliyev tərəfindən 2014-cü ilin iyununda Bodrumda keçirilmiş
TDT-nin 4-cü sammitində təklif olunub. İlkin mərhələdə fond 500
milyon dollar kapitalla formalaşdırılıb, Macarıstanın qoşulmasından
sonra isə onun həcmi 600 milyon dollara yüksəlib. Fond qarşılıqlı
investisiyaları dəstəkləyir, innovasiyaların və sahibkarlığın,
xüsusilə də kiçik və orta biznesin inkişafına töhfə verir. Eyni
zamanda Azərbaycanın TDT ölkələrinə birbaşa investisiyaları artıq
20 milyard dolları ötüb ki, bu da birgə layihələr və daha dərin
iqtisadi inteqrasiya üçün möhkəm zəmin yaradır. Ümumilikdə deyərdim
ki, Azərbaycanın rolu çox praktik səciyyə daşıyır. O, regionları
birləşdirir, enerji və nəqliyyat axınlarını dəstəkləyir və
əməkdaşlığın real layihələrə çevrilməsinə kömək edir. Müasir
dünyada isə belə qarşılıqlı bağlılıq getdikcə daha böyük əhəmiyyət
kəsb edir”,- deyə K.Ömüralıyev əlavə edib.
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitindən söz açan
Baş katib qeyd edib ki, “Süni intellekt və rəqəmsal inkişaf”
mövzusunda keçiriləcək bu tədbir təşkilatın “Türk dünyası 2040
baxışı” çərçivəsində ümumi strateji baxışının irəlilədilməsində
mühüm mərhələdir.
“Seçilmiş mövzu süni intellekt və rəqəmsal inkişafın
iqtisadiyyatı, idarəetmə modellərini və beynəlxalq əməkdaşlığı
sürətlə transformasiya etdiyi bir şəraitdə müasir qlobal kontekstdə
son dərəcə aktualdır. Türküstan bu görüş üçün xüsusilə əhəmiyyətli
məkandır. Türk dünyasının mənəvi mərkəzi kimi o, ortaq irsimizi əks
etdirir, eyni zamanda biz ümumi gələcəyimizi qurmağa davam edirik”,
– deyə o bildirib.
Kubanıçbek Ömüralıyev qeyd edib ki, son illərdə qeyri-rəsmi
sammitlər təşkilat çərçivəsində qarşılıqlı fəaliyyətin mühüm
hissəsinə çevrilib.
“Onlar rəsmi görüşləri tamamlayaraq dövlət başçıları arasında
müntəzəm dialoq üçün daha çevik format təqdim edir. Bu, bizə
mövqelərin uzlaşmasını qoruyub-saxlamağa, qarşılıqlı anlaşmanı
gücləndirməyə və birgə təşəbbüslər üzrə dayanıqlı irəliləyişi təmin
etməyə imkan verir. Sammitin Türküstan Bəyannaməsinin qəbulu da
daxil olmaqla praktik nəticələr verəcəyini gözləyirik. Həmin sənəd
yaxın dövr üçün əməkdaşlığımızın istiqamətini müəyyən edəcək.
Gündəliyin əsas xüsusiyyəti isə qarşılıqlı fəaliyyətin əsas
sahələrdə möhkəmləndirilməsinə yönəlmiş aydın və gələcəyə
hesablanmış xarakter daşımasıdır”, – deyə TDT-nin Baş katibi
bildirib.
O əlavə edib ki, görüş Qəbələ sammitindən sonra əldə olunmuş
irəliləyişi qiymətləndirmək və prioritet istiqamətlər üzrə
dinamikanı qorumaq imkanı yaradacaq.
“Ümumilikdə biz bu görüşü əməkdaşlığın daha da
möhkəmləndirilməsi və təşkilatın mühüm və effektiv regional
platforma kimi rolunun gücləndirilməsi üçün fürsət hesab edirik”, –
deyə K.Ömüralıyev əlavə edib.
Ömüralıyev həmçinin üzv dövlətlər arasında daxili regional
ticarətin, investisiyaların və əlavə dəyər zəncirlərinin
formalaşdırılmasının dərinləşdirilməsi mexanizmlərindən
danışıb.
“TDT üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın
gücləndirilməsi istiqamətində mühüm uğurlar əldə etməyə davam edir.
Hazırda TDT-nin himayəsi altında iqtisadiyyatın demək olar ki,
bütün sahələrini əhatə edən 58 əməkdaşlıq mexanizmi fəaliyyət
göstərir. Bu səyləri dəstəkləyən əsas alətlərdən biri 600 milyon
ABŞ dolları kapitala malik Türk İnvestisiya Fondudur. Fond
qarşılıqlı investisiyaları təşviq edir, innovasiyaları
stimullaşdırır və xüsusilə kiçik və orta biznes arasında
sahibkarlığın inkişafına dəstək verir. Digər mühüm qurum isə 2
milyondan çox şirkəti birləşdirən və sahibkarlar arasında praktik
əməkdaşlığı təşviq edən Türkdilli Dövlətlərin Ticarət və Sənaye
Palataları Birliyidir (TCCI). Hazırda biz TCCI-nin müvafiq
institusionallaşdırılması üzərində işləyirik”, – deyə o
bildirib.
Ömüralıyev xatırladıb ki, ötən il TDT çərçivəsində Türk
Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsi (TurkIPAnet)
fəaliyyətə başlayıb və bu platforma bütün türk regionunda
investisiya, innovasiya və dayanıqlı inkişafı təşviq edən
əməkdaşlığın inkişafına xidmət edəcək.
“Ötən il həmçinin TDT iştirakçısı olan ölkələrin mərkəzi (milli)
bankları şurasının və TDT-nin “yaşıl” maliyyə üzrə Türk Şurasının
(TGFC) ilk iclasları keçirilib. Bu qurum regionda “yaşıl”
iqtisadiyyat üçün kapital bazarının inkişafına, eləcə də TDT üzv
dövlətləri arasında pul-kredit siyasəti, ödəniş sistemləri və
maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsinə
yönəlib. Ötən il biz həmçinin TDT üzv ölkələrinin maliyyə
monitorinqi qurumları və anti-inhisar orqanları arasında
tammiqyaslı əməkdaşlığa başladıq ki, bu da gələcəkdə iqtisadi
qarşılıqlı fəaliyyətimizi daha da gücləndirəcək”, – deyə o
vurğulayıb.
“Bundan əlavə, xidmətlər və investisiyalar üzrə azad ticarət
sazişinin bağlanması da TDT çərçivəsində daxili regional ticarətin
artırılması baxımından həyati əhəmiyyət daşıyır və ümid edirəm ki,
yaxın gələcəkdə üzv dövlətlər bu məsələ ilə bağlı konsensusa nail
olacaqlar. Bundan başqa, TDT-nin Bişkekdə keçirilmiş 11-ci sammiti
çərçivəsində imzalanmış Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişi
(DEPA) qüvvəyə mindikdən sonra TDT üzv dövlətləri arasında elektron
əməliyyatlara etimadın artacağını gözləyirik ki, bu da regionda
elektron ticarətin genişlənməsinə yol açacaq”, – deyə TDT-nin Baş
katibi bildirib.
Ömüralıyev qeyd edib ki, TDT çərçivəsində həyata keçirilən bütün
bu təşəbbüslər türk dövlətlərinin iqtisadiyyatlarının
inteqrasiyasına yönəlib və bu da regionda ticarət və
investisiyaların dərinləşməsinə müsbət təsir göstərir.
Orta Dəhlizin artan əhəmiyyətindən danışan Baş katib bildirib
ki, bu marşrut TDT regionunu qlobal ticarət axınları ilə daha
səmərəli şəkildə birləşdirmək üçün real potensiala malikdir.
“Həqiqətən də, Orta Dəhliz müasir qlobal kontekstdə getdikcə
daha böyük əhəmiyyət qazanır. Təchizat zəncirləri transformasiya
olunduqca ölkələr yalnız daha sürətli marşrutlar deyil, həm də daha
etibarlı və şaxələndirilmiş variantlar axtarırlar. Bu baxımdan Orta
Dəhliz Asiya ilə Avropa arasında çox praktik bağlantı halında
formalaşır. Onun inkişafı “Türk dünyas– 2040 ” baxışı çərçivəsində
bizim əsas prioritetlərimizdən biri olaraq qalır. Bu, Şərqlə Qərb
arasında ən qısa quru marşrutlarından biridir və regionumuzun
qlobal ticarət axınlarına daha sıx inteqrasiyası üçün real
potensiala malikdir”, – deyə o bildirib.
Eyni zamanda, Baş katib vurğulayıb ki, təkcə infrastruktur
kifayət etmir.
“Əslində həlledici məqam ölkələr arasında koordinasiya və
sistemin praktikada nə dərəcədə effektiv işləməsidir. Məhz buna
görə biz həm əlaqəliliyin gücləndirilməsinə, həm də marşrut üzrə
əməliyyat proseslərinin sadələşdirilməsinə diqqət yetiririk. Buna
yaxşı nümunə kimi Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunu göstərmək
olar. Gözlənilir ki, bu layihə ötürücülük qabiliyyətini əhəmiyyətli
dərəcədə artıracaq və tranzitin səmərəliliyini yüksəldəcək,
daşımaların həcmi isə ildə 15 milyon tona çatacaq”, – deyə
K.Ömüralıyev qeyd edib.
O bildirib ki, gömrük və logistika sahəsində rəqəmsallaşmaya da
xüsusi diqqət ayrılır.
“Azərbaycan və digər üzv dövlətlər ePermit (elektron daşıma
icazələri), eCMR (elektron əmtəə-nəqliyyat qaimələri) və eTIR
(elektron gömrük tranziti sistemi) kimi sistemləri uğurla şəkildə
tətbiq edirlər ki, bu da beynəlxalq daşımaları daha çevik, daha
sadə və daha şəffaf edir. Bu istiqamətdə mühüm mərhələlərdən biri
2025-ci ilin yanvarında Bakıda keçirilmiş TDT gömrük xidmətləri
rəhbərlərinin iclasında eTIR sisteminin tam tətbiqi üzrə regional
yol xəritəsinin qəbul edilməsi, həmçinin 2026-cı ilin aprelində TDT
üzv dövlətlərinin nəqliyyat nazirlikləri tərəfindən eCMR-in
tətbiqinə dair qarşılıqlı anlaşma memorandumunun imzalanması olub”,
– deyə TDT-nin Baş katibi vurğulayıb.
Ömüralıyevin fikrincə, 2022-ci ildə Səmərqənd sammitində gömrük
prosedurlarının və beynəlxalq yükdaşımaların sadələşdirilməsi ilə
bağlı qəbul edilmiş qərarlarla yanaşı, bu tədbirlər də Orta Dəhlizi
mərhələli şəkildə daha effektiv və proqnozlaşdırıla bilən marşruta
çevirir.
“Zaman keçdikcə məhz bu amillər onun bütün tərəfdaşlar üçün
həqiqətən rəqabətə davamlı və etibarlı marşrut rolunu təmin
edəcək”, – deyə o əlavə edib.

