
Bakı. Trend:
Xəzər dənizi limanlarında “Maritime Single Window ” (Dəniz
Daşımaları üçün Vahid Pəncərə Sistemi) təşəbbüsünün işə salınması
planlaşdırılır.
Trend-in “TRACECA”ya istinadən verdiyi məlumata görə, bu barədə Aktau
şəhərində keçirilən “Caspian Ports and Logistics 2025” beynəlxalq
sərgi və konfransı çərçivəsində, “Orta Dəhliz: 2025-ci ildə Aktau
qovşağının nailiyyətləri və 2026-cı il üçün perspektivlər” adlı
sessiyada bildirilib.
“Maritime Single Window” – dəniz daşımaları üçün prosedurları
sadələşdirən və liman əməliyyatlarında şəffaflığı artıran elektron
“vahid pəncərə” sistemidir.
Məlumatda qeyd olunur ki, sessiya zamanı “TRACECA”nın Rəqəmsal
Konsepsiyasına, Rəqəmsallaşma üzrə İşçi Qrupunun fəaliyyətinə,
həmçinin kağızsız daşımaların inkişafına və iştirakçı dövlətlər
arasında elektron məlumatların qarşılıqlı tanınmasına yönəlmiş
elektron sənədlərin tətbiqi üzrə Saziş layihəsinin hazırlanmasına
xüsusi diqqət yetirilib.
Eyni zamanda, dəniz daşımalarında prosedurların sadələşdirilməsi
və şəffaflığın artırılması baxımından mühüm alət kimi Xəzər dənizi
limanlarında “Maritime Single Window” təşəbbüsünün işə salınması
planları da vurğulanıb.
Qeyd olunur ki, sessiya çərçivəsində iştirakçılar Aktau
limanının 2025-ci ildə əldə etdiyi nailiyyətləri, konteyner
buraxılış qabiliyyətinin artırılması üzrə planları, liman və
gəmiçilik proseslərinin idarə olunmasında müasir sistemlərin
tətbiqini, eləcə də beynəlxalq maliyyə institutları və biznes
ictimaiyyətinin iştirakı ilə Orta Dəhliz çərçivəsində əməkdaşlığın
daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə ediblər.
Məlumata görə, tədbirin əsas məqsədi Avropa, Qafqaz və Asiya
arasında dayanıqlı multimodal əlaqələrin inkişafına töhfə vermək,
dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor arasında
qarşılıqlı əlaqəni gücləndirmək, həmçinin Orta Dəhliz marşrutları
üzrə liman infrastrukturu, logistika prosesləri və transsərhəd
daşımaların səmərəliliyinin artırılması sahəsində təcrübə
mübadiləsini təşviq etmək olub.
Müzakirələr zamanı limanların modernləşdirilməsi, nəqliyyat
proseslərinin rəqəmsallaşdırılması, beynəlxalq standartların
tətbiqi və Xəzər marşrutlarının rəqabət qabiliyyətinin artırılması
məsələlərinə xüsusi diqqət yetirilib.
Sessiya çərçivəsində məruzə ilə çıxış edən “TRACECA”nın Baş
katibi Asset Assavbayev proqramın nəqliyyat əlaqələrinin
inkişafında mühüm təcrübəyə malik olduğunu qeyd edib və “TRACECA”nın “Baza Çoxtərəfli Sazişi”nin dəhlizin fəaliyyətinin
hüquqi əsası kimi əhəmiyyətini vurğulayıb.
Baş katib iştirakçıları təşkilatın cari prioritetləri, o
cümlədən “TRACECA” Strategiyası və Fəaliyyət Planının icrası, liman
və multimodal infrastrukturun inkişafı, həmçinin nəqliyyat və
logistika proseslərinin rəqəmsal transformasiyası üzrə
təşəbbüslərin irəlilədilməsi barədə məlumatlandırıb.
Xatırladaq ki, Orta Dəhliz Asiyanı Avropa ilə birləşdirən və
regionun bir sıra ölkələrindən keçən nəqliyyat-ticarət marşrutudur.
Bu dəhliz ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ hesab
olunur.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra
Xəzər dənizini, Azərbaycanı, Gürcüstanı və Türkiyəni əhatə edərək
Avropaya çıxır. Orta Dəhliz daha uzun dəniz yollarını yan keçən
quru marşrutudur və Asiyanın şərq bölgələrini, o cümlədən Çini
Avropa ilə birləşdirir.

