
Bakı. Trend:
Bu gün bp ADA Universiteti və ADA Universiteti Fondu ilə
birlikdə Qazaxda və Gəncədə həyata keçirilmiş bir sosial təşəbbüsün
uğurla tamamlandığını elan edib.
Trend xəbər verir ki, bu
münasibətlə 13 dekabr tarixində ADA Universitetinin Qazax
Mərkəzində tədbir keçirilib.
Layihədə əsas məqsəd müəllimlərin məktəblilərdə əqli sağlamlıq
problemlərini vaxtında aşkar edərək aradan qaldırmaq bacarıqlarını
artırmaqdır ki, bu da daha ciddi psixoloji fəsadların qarşısını
almağa komək edəcək.
Ümumiyyətlə isə layihə uşaqlarda əqli sağlamlıqla bağlı hər
hansı problemin ilk əlamətlərini vaxtında görərək ilkin dəstək
göstərmək və erkən müdaxilə etmək məqsədilə müəllimləri lazımi
bacarıqlarla təmin etmək üçün nəzərdə tutulub.
Layihə çərçivəsində məktəb müəllimləri üçün əqli sağlamlıq
problemlərinin aşkarlanması və erkən müdaxilə vasitələrinin tətbiqi
üzrə geniş təlim proqramı hazırlanmışdır. Ümümilikdə 40 saatdan
ibarət bu təlimə il ərzində rayon məktəblərindən təxminən 60
müəllim qatılıb. Təlim proqramı əqli sağlamlıq məsələləri, uşaq
psixologiyası və emosional vəziyyət haqqında müəllimlərin bilik və
anlayışlarını əhəmiyyətli dərəcədə artırıb.
Təlim proqramı hər birində 15-20 müəllim olmaqla dörd qrup üzrə
aparılmış və hər qrupun dərsləri həftə sonları həm əyani, həm də
onlayn rejimdə keçirilməklə iki ay davam edib
Bundan başqa, layihə çərçivəsində müəllimlərin bir-birindən
öyrənmələri və daim inkişafı üçün dəstək şəbəkələri də
yaradılmışdır. Bu şəbəkələr müəllimlərə əqli sağlamlıq
məsələlərinin həllində qarşılaşdıqları çətinlikləri və bununla
bağlı təcrübələrini bir-biriləri ilə paylaşmağa imkan yaradır.
Tədbirdə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə
regionu üzrə sosial sərmayələr rəhbəri Xalid Rəcəbov dedi:
“İcmalara əhəmiyyətli faydalar gətirə biləcək təşəbbüsləri
dəstəkləməkdən qürur duyuruq. Əqli sağlamlıq uşaqların rifahının
vacib hissəsidir. Bu təşəbbüs ilkin problemləri kəskinləşməzdən
əvvəl aşkarlaya bilən hazırlıqlı müəllimlər şəbəkəsini
formalaşdıraraq rayon məktəblərində əqli sağlamlıqla bağlı erkən
müdaxilə üçün mühüm bünövrə yaradır. Niyyətimiz məlumatlılığı
artırmaqla və müəllimləri lazımi vasitə və biliklərlə təmin etməklə
daha sağlam tədris mühitinin formalaşmasına və icmaların
uzunmüddətli rifahına töhfə verməkdir.”
ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev dedi:
“Bu layihə biznes-təhsil əməkdaşlığının gücləndirilməsi,
həmçinin əhəmiyyətli sosial məsuliyyət təşəbbüslərinə töhfə vermək
üzrə uzunmüddətli öhdəliyimizi əks etdirir. Davamlı əməkdaşlığa və
birgə səylərimizin məqsədini daha da artırdığına və bu səylərə
böyük dəyər qatdığına görə bp şirkətinə dərin təşəkkürümüzü
bildiririk. İstəyimiz bu əməkdaşlığı irəli aparmaq və birlikdə
cəmiyyət üçün daha da böyük faydalar gətirməkdir”.
Layihə ADA Universiteti Fondu tərəfindən həyata keçirilib.
bp-nin layihəyə töhfəsi 240 488 AZN (141 464 ABŞ dolları) təşkil
edib.

