Balaxanıdakı çay evi – Həyat Sığortası tərəfindən ödənilmiş borc

Baş səhifə

Bakı. Trend:

Cəfər və Ülviyyə gənc bir cütlük idi. Onlar illərdir ki,
Balaxanıda yaşayır, əllərinə keçən hər qəpiyi yığıb gələcək
planları üçün saxlayırdılar. Onların ən böyük arzusu isə çox sadə
idi: Cəfərin atasından qalmış balaca çay evini təmir edib,
işlətmək. Ancaq çay evinə lazım olan avadanlıq və təmir xərcləri
üçün topladıqları pul yetmirdi.

Cütlük bankdan istehlak krediti götürmək qərarına gəlir. Bank
əməkdaşı ilə söhbət zamanı onlar planlar və xəyallarını bölüşdülər.
Bank onlara həm kredit, həm də könüllü “Kredit Həyat Sığortası”
təklif etdi. Cəfər əvvəlcə tərəddüd etsə də, Ülviyyə “Bu bizi çətin
gündə qoruyar”, – deyərək sığortanı qəbul etdi.

Bir neçə ay sonra onların Balaxanıda kiçik çay evi açıldı.
Müştərilər çay evində uzun-uzun söhbətlər edir, gülə-gülə vaxt
keçirirdilər. Cəfər yorulmadan işləyir, Ülviyyə isə müştəriləri
qarşılayırdı. Hər şey yolunda gedirdi.

Cəfərin ürəyindəki sancılar son zamanlar onu narahat etməyə
başlamışdı, amma işin çoxluğu səbəbindən həkimə getməyi təxirə
salırdı. Növbəti həftə vəziyyəti ağırlaşdı və təcili xəstəxanaya
yerləşdirildi. Cəfərin müalicəsi davam etsə də, iki gün sonra
həyatla vidalaşdı. Diaqnoz ürək çatışmazlığı idi.




Ülviyyə bir tərəfdən həyat yoldaşının itkisini, digər tərəfdən
isə çay evinin xərcləri, kredit ödənişləri və gündəlik həyatın
ağırlığını təkbaşına daşıyırdı. Ödənişləri ödəmək artıq onun üçün
imkansız görünürdü, bank ödənişlərini edə bilmirdi. Bir neçə ay
ödənişləri gecikdirmişdi, banka vəziyyətinin çətin olduğunu və
həyat yoldaşının vəfat etdiyini bildirdi.

Bank daxili aparılan araşdırmalar nəticəsində kredit götürən
şəxs Cəfər Abdulovun bir neçə ay öncə ürək çatızmazlığı nəticəsində
vəfat etdiyi aydın oldu. Amma bank olaraq, kredit götürən şəxsə
istehlak krediti zamanı “Kredit Həyat Sığortası” da təklif
olunmuşdu. Çox az ödəniş edərək, ailə bu sığortadan yararlanmışdı
və bunun nəticəsində vəfat etmiş şəxsin ailəsinin kredit borcu
həyat sığortası şirkəti tərəfindən
ödənildi.

Bu məqalə kommersiya banklarından birinin təqdim etdiyi
kredit tarixçəsinə əsasən hazırlanmışdır. Hadisələrin təsvirini
həmin proseslərin birbaşa şahidi olmuş bank əməkdaşı
yazmışdır.

Qeyd edək ki, istehlak krediti götürən istənilən şəxsə könüllü
olaraq bank tərəfindən həyat sığortası təklif olunur. Kredit həyat
sığortası tam olaraq kredit müddətini əhatə edir. Müştərinin ölüm,
xəstəlik və ya bədbəxt hadisə nəticəsində əlilliyin təyin olunması
hallarında, sığorta şirkəti qalan kredit borcunu qarşılayır.