Ruben Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq
əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır
cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben
Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın
5-də davam etdirilib.

Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi
ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən
açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)
təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi,
habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə
heyətini, dövlət ittihamını müdafiə edən prokurorları,
tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə
nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəməyə sədrlik edən diqqətə çatdırıb ki, iş üzrə zərərçəkmiş
şəxs qismində tanınmış bir qrup şəxs əvvəlki proseslərdə məhkəməyə
müraciət ünvanlayaraq iclaslarda üzrlü səbəbdən iştirak edə
bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini
təsdiqlədiklərini bildirən ərizələr göndəriblər.

Tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz
etməyiblər və qeyd edilib ki, bugünkü iclasda həmin ifadələr
səslənəcək.




Sonra iclasda zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxsin
ifadələri, cinayət işi materiallarında olan ekspertiza rəyləri,
protokollar və iş üzrə sübuti əhəmiyyət kəsb edən digər sənədlər
elan olunub.

Məhkəmənin növbəti iclası dekabrın 8-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in
100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi
köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),
112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113
(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və
adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,
116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,
120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,
29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),
192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2
(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,
onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu
zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),
279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri
ilə ittiham olunur.

Trend xatırladır ki, Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər
maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben
Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində
aparılmışdır.