İki qardaş ölkənin diaspor qurumları müzakirələr aparıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba
İcmaları Baş İdarəsinin (YTB) rəisi vəzifəsini müvəqqəti icra edən
Abdulhadi Turusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki,
Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitə sədri qonaqları səmimi salamlayaraq ölkələrimiz
arasındakı münasibətlərin möhkəm təməlində Azərbaycan və Türkiyə
prezidentlərinin dostluq və qardaşlıq əlaqələrinin xüsusi rol
oynadığını qeyd edib. Dövlət başçıları səviyyəsində mövcud yüksək
siyasi münasibətlərin xalqlarımız arasındakı bağları daha da
gücləndirdiyi və bütün sahələrdə birgə fəaliyyət üçün geniş
imkanlar yaratdığı vurğulanıb. Sədr, həmçinin Azərbaycan diaspor
təşkilatlarının fəaliyyətindən danışaraq, iki qardaş ölkənin
diasporlarının koordinasiyalı işinin əhəmiyyətinə toxunub və
türkdilli dövlətlərlə əməkdaşlıq layihələrinin, eləcə də
Türkiyədəki soydaşlarımızla əlaqələrin genişləndirilməsinin
vacibliyini diqqətə çatdırıb.

Müzakirələr zamanı diaspor fəaliyyəti ilə bağlı Şuşa
Bəyannaməsindəki müddəalara diqqət çəkilib, həmin müddəaların
türkdilli dövlətlərin diasporlarının işbirliyini özündə ehtiva
etdiyi və diaspora məsul qurumlar qarşısında vəzifələr qoyduğu
nəzərə çatdırılıb.




Abdulhadi Turus səmimi qəbula və tanışlığa görə minnətdarlıq
edib. Qurumlar arasında əməkdaşlığın inkişaf etdiyini, birgə
layihələr və təşəbbüslərin genişləndirilməsi üçün böyük potensialın
mövcudluğunu bildirib. Diasporun yeni nəslinin fərqli baxış
bucağını nəzərə alaraq, ortaq layihələrin həyata keçirilməsinin
vacibliyini qeyd edib, təcrübə proqramlarının müsbət nəticələr verə
biləcəyini dilə gətirib.

Bildirilib ki, diaspor və lobbiçilik təcrübələrinin
bölüşdürülməsi, fərqli mədəniyyətlər arasında körpü rolunu oynayan
gənclərlə ortaq strategiyaya əsaslanan layihələrin həyata
keçirilməsi, hər iki ölkə ilə bağlı həqiqətlərin beynəlxalq
ictimaiyyətə çatdırılması üçün vahid bazanın formalaşdırılması iki
qardaş ölkənin diaspor siyasətinə yeni dinamika qata bilər.

Tərəflər türk dünyasını təmsil edən diaspor qurumları arasında
birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi, təcrübə
mübadiləsi, uzunmüddətli ortaq layihələrin reallaşdırılması və bir
sıra digər istiqamətlərlə bağlı geniş fikir mübadiləsi
aparıblar.

Qeyd edək ki, 10 noyabr 2018-ci il tarixdə Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə
Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi
arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma
Memorandumu imzalanıb.