Azərbaycan MDB ölkələri arasında minimum pensiyada birinci yerdədir – Nazir

Baş səhifə

Bakı. Trend:

MDB ölkələri ilə müqayisədə alıcılıq qabiliyyəti pariteti üzrə
ölkəmiz minimum pensiyada birinci, minimum əməkhaqqı və orta aylıq
pensiya üzrə isə ikinci yerdə qərarlaşıb.

Trend xəbər
verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev
Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakıda ilk dəfə keçirilən
Gələcəyin Peşələri Sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2018-ci ildən etibarən 4 milyon insanı
əhatə edən 5 sosial islahat paketi həyata keçirilmişdir. Bu
islahatların illik əlavə maliyyə yükü 7.6 milyard manat təşkil
edir.

“Bu dövrdə əmək müqavilələrinin sayı 44% artaraq 1.9 milyona
çatıb, sosial rifahın ən bariz göstəricilərindən biri olan
əməkhaqqı fondu isə 3,2 dəfə artıb.




Eyni zamanda minimum əməkhaqqı 3,1 dəfə artaraq 400 manata, orta
aylıq əməkhaqqı isə 2 dəfə artaraq 1088 manata çatıb. Bununla
yanaşı, sosial ödənişlər sahəsində aparılan islahatların nəticəsi
olaraq minimum pensiya 2,9 dəfə artaraq 320 manata, orta aylıq
pensiya isə 2,6 dəfə artaraq 540 manata yüksəlib.

Əhaliyə ödənilən müavinət və Azərbaycan Respublikası
Prezidentinin təqaüdləri üzrə ödənişlərin həcmi bu dövr ərzində 5
dəfə artıb.

Həmçinin, məşğulluq istiqamətində həyata keçirilən tədbirlər də
artıq aşkar və ölçülə bilən nəticələr verməkdədir. Bu ilin 10 ayı
ərzində Nazirlik tərəfindən 491 mindən çox şəxs aktiv məşğulluq
tədbirləri ilə əhatə olunub. Onlardan 158 min nəfər işlə təmin
edilib, 82 peşə istiqaməti üzrə 15 mindən çox şəxs peşə
hazırlığına, 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb
edilib. Bundan əlavə, bu dövr ərzində 302 min şəxsə peşəyönümlü
məsləhət xidmətləri göstərilib. Bu göstəricilər əmək bazarının
dinamik və inklüziv şəkildə inkişaf etməsini və bu inkişafda
xüsusilə gənclərin rolunun yüksək olmasını təsdiqləyir.