Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər üzr istəyiblər, ittiham aktı elan olunub – YENİLƏNİB

Baş səhifə

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Alghabr Mohammad Hussain ifadə verib.

O, ifadəsində bildirib ki, onlar funikulyora minmək məqsədi ilə Şəhidlər xiyabanından keçiblər: “Biz Bakıya bələdçisiz gəlmişik. Sürücümüz dedi ki, dağüstü parkda funikulyor var. Ona minib bütün Bakını görə bilərik. Biz də ora gedəndə şəkillər və güllər olan yer gördük. Bilmədik ki, bura Şəhidlər xiyabanıdır. Hərəkətləri edəndən sonra iki qadın dedi ki, burada şəhidlər dəfn olunub. Əsgər salamı verib getdik. Elə bilmişdik ki, bura deyib-gülə biləcəyimiz turist məkanıdır. Biz orda təhqir etməmişik, gülləri dağıtmamışıq”.

O, dövlət ittihamçısının suallarını cavablandırarkən bildirib ki, Səudiyyə Ərəbistanında belə qəbirlər olmur: “Bizdə qəbir daşları, şəkillər və hətta güllər olmur. Qəbir haqqında zarafat etmirdim. Tam səmimi dedim ki, əgər aramızdan kimsə ölsə, ona belə qəbir düzəldəcəm. Çünki xoşuma gəlmişdi. Çəkilişin məqsədi sosial şəbəkədə yaymaq və ailəmə göndərmək idi. “Snapchat”la çəkib, deyib-gülürdük. Elə ciddi məkan olduğunu bilmirdim. Şəhidlərə hörmətim sonsuzdur. Bir daha üzr istəyirəm”.

Zərərçəkənin hüquqi varisi kimi tanınan Eldəniz Fərəcov ondan özünü təqsirli bilmədiyi halda niyə üzr istədiyini soruşub. Təqsirləndirilən bildirib ki, video yanlış anlaşıldığı üçün üzr istəyir.

Digər iki təqsirləndirilən də oxşar ifadə verib. Məlum olub ki, videonu Alghabr Mahdi Mohammad çəkib. O, heç bir qeyri-etik hərəkət etmədiyini deyib.

Prosesin davamında zərərçəkən kimi tanınan şəxslər ifadə verib.

Eldəniz Fərəcov Şəhidlər xiyabanında dəfn olunan qohumunun xalqın şəhidi olduğunu bildirib və özlərini təqsirli bilmədiyi üçün onları bağışlamadığını deyib.

Digər zərərçəkən də təqsirləndiriləni bağışlamadığını deyib: “Xadimədən öyrəndim ki, bunlar qardaşımın məzarındakı gülləri dağıdıblar”.

Prosesdə şahid qismində ifadə verən, bağban Tərlan Mənsimov isə deyib ki, o təqsirləndirilən şəxslərin məzarın qarşısında oynadığını görüb.

Digər şahidlərin iştirakının təmin edilməsi üçün proses dekabrın 4-nə təxirə salınıb.

***

16.03

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistan Krallığının Daxili İşlər Nazirliyində təhqiqatçı olaraq çalışıb, Alghabr Mahdi Mohammad özəl şirkətdə operator olub, Alzaman Mahdi Ali isə çalışdığı özəl şirkət tərəfindən Səudiyyə Ərəbistan Krallığında DİN-ə mühafizəçi göndərilib.

Onlar məhkəməyə müraciət ünvanlayaraq, olduqları yerin önəmini anlamadıqlarını, öz ölkələrində xiyabanın başqa tərzdə olduğunu söyləyiblər. İttiham edilən şəxslər etdikləri hərəkətə görə Azərbaycan xalqından, şəhid ailələrindən və qazilərdən üzr istəyiblər.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, onlar qabaqcadan əlbir olan bir qrup şəxs olaraq Şəhidlər xiyabanına gəlib, zərərçəkən kimi tanınmış 3 şəhidin məzarına gələrək onların şəkillərinə qeyri-etik hərəkətlər edib, məzarların üzərindəki gülləri dağıdıblar.

Təqsirləndirilən şəxslər elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.