KİV: Ukrayna ABŞ-ın sülh planının üç əsas şərtini rədd edir

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda irəliləyiş olduğunu bildirsə də Kiyev ABŞ-ın sülh planının üç əsas maddəsini rədd edir.

APA xəbər verir ki, bu barədə CNN Ukraynakı mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, üç məsələ ilə bağlı ciddi fikir ayrılıqları qalmaqdadır — Donbasın Rusiyanın nəzarətinə verilməsi, Ukrayna Silahlı Qüvvələrinin sayının 600 min hərbçi ilə məhdudlaşdırılması və ölkənin NATO-ya üzvlük hüququndan imtina etməsi.

Xəbər agentliyi qeyd edir ki, bu tələblər Rusiya tərəfindən döyüşlərin dayandırılması üçün qoyulan şərtlərə uyğundur, lakin Ukrayna üçün “qırmızı xətt” rolunu oynayır.

Ukraynalı mənbə vurğulayır ki, ərazi ilə bağlı formulalar hələ razılaşdırılmayıb, Silahlı Qüvvələrin məhdudlaşdırılması təklifləri yenidən gözdən keçirilməlidir və NATO-ya üzvlükdən imtina Rusiyanın alyansa təsirini göstərən “pis presedent” yaradacaq, halbuki “Rusiya onun üzvü belə deyil”.