
Ukraynada sülh sazişi bağlanacağı təqdirdə Zaporojye Atom Elektrik Stansiyasının xüsusi statusa və Rusiya ilə Ukrayna arasında əməkdaşlıq razılaşmasına ehtiyacı olacaq.
APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Rafael Qrossi bildirib.
Qrossi bildirib ki, stansiyanın kimlərin nəzarətində olmasından asılı olmayaraq əməkdaşlıq mexanizmləri qaçılmaz olacaq.
“Əməkdaşlıq formatı və ya əməkdaşlıq mühiti mütləq olmalıdır”, — deyə o vurğulayıb.
Xatırladaq ki, Avropanın ən böyük atom elektrik stansiyası sayılan, altı reaktoru olan Zaporojye AES Rusiya tərəfindən 2022-ci ilin ilk həftələrində ələ keçirilib. Stansiya hazırda elektrik enerjisi istehsal etmir, lakin tərəflər vaxtaşırı bir-birini nüvə təhlükəsizliyini təhdid edən hərbi fəaliyyətlərdə ittiham edirlər.

