Bakı. Trend:
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Roma şəhərindəki
Baş Qərargahında Kodeks Alimentarius Komissiyasının 48-ci
sessiyasında qida təhlükəsizliyi, istehlakçı hüquqlarının müdafiəsi
və beynəlxalq ticarətin tənzimlənməsi kimi əsas məsələlər müzakirə
olunub.
Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, sessiya çərçivəsində Kodeks standartlarının
yenilənməsi, 2026-2031-ci illər üzrə Strateji Planın monitorinq
çərçivəsinin tətbiqi ilə bağlı məsələlər və qida sistemlərində yeni
çağırışlar müzakirəyə çıxarılıb. FAO və ÜST tərəfindən qida mənşəli
xəstəliklərin qlobal yükünə dair təqdim edilən yenilənmiş
məlumatlar xüsusi diqqət çəkib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti
sədrinin müavini Ramazan Nəbiyev sessiya zamanı yazılı rəylər
təqdim etməklə yanaşı yeni iş təklifləri üzrə müzakirələrdə də
çıxış edib. Ölkəmiz irəli sürülən “Yeni qida mənbələri və istehsal
sistemləri üzrə risk təhlili prinsipləri” adlı yeni işin
başlanmasını dəstəkləyərək innovativ qida məhsullarının
tənzimlənməsi üçün elmi əsaslı, harmonizasiya olunmuş çərçivənin
zəruriliyini vurğulayıb. Həmçinin pasterizə olunmuş dəvə südü üzrə
yeni kodeks standartının hazırlanmasına dair təklif də dəstəklənib.
Bu mövqeyin əsas səbəbi bir sıra regionlarda dəvə südünə artan
tələbat və beynəlxalq ticarətdə standartlaşdırmanın istehlakçıların
müdafiəsində mühüm rol oynamasıdır.
Xatırladaq ki, 10-14 noyabr 2025-ci il tarixlərində keçirilən
Kodeks Alimentarius Komissiyasının 48-ci sessiyasında Azərbaycan
nümayəndəsinin fəal iştirakı ölkəmizin beynəlxalq qida
təhlükəsizliyi proseslərində aktiv mövqe tutduğunu və kodeks
fəaliyyətlərinə verdiyi əhəmiyyəti bir daha nümayiş etdirib.
Sessiya yekun hesabatın qəbul edilməsi ilə başa çatıb.

