Azərbaycan və Gürcüstan hərbi institutları arasında təhsil imkanları təqdim edilib

Baş səhifə

Bakı.Trend:

Noyabrın 24-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində
fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda Gürcüstan Müdafiə
Nazirliyinin “Müdafiə İnstitutlarının Qurulması Məktəbi”nin (DIBS)
rəhbər heyəti ilə görüş keçirilib.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşün məqsədi Azərbaycan və Gürcüstan
respublikaları Müdafiə nazirlikləri arasındakı “Müdafiə və
Təhlükəsizlik üzrə Strateji Proqram” çərçivəsində təhsil üzrə
ekspertlərlə görüşmək, həmçinin Azərbaycanın təhlükəsizlik, müdafiə
siyasəti ilə tanış olmaq olub.




Nümayəndə heyətinə təqdim olunan brifinqdə İnstitutun yaranma
tarixi, missiyası, tədris strukturu, tədris proqramları və təhsil
istiqamətləri barədə ətraflı məlumat verilib, eləcə də qarşılıqlı
maraq doğuran məsələlər müzakirə edilib.

Daha sonra nümayəndələrin tədris imkanlarını yaxından tanıması
üçün təhsil gəzintisi təşkil olunub və Azərbaycan Ordusunda hərbi
təhsil sahəsində aparılan islahatlar və tətbiq olunan yeniliklər
barədə məlumat çatdırılıb.
Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim edilib.