Bakı. Trend:
Azərbaycan maliyyə sistemi uzun illərdir ki, rəqəmsal
dəyişiklik, yeni tənzimləmə çərçivələri və inklüziv maliyyə
siyasətləri ilə formalaşan yeni dövrə qədəm qoyub. Bu
transformasiya fonunda ölkədə getdikcə daha çox müzakirə olunan bir
istiqamət var: İslam bankçılığı. Faizsiz maliyyə modeli kimi
tanınan bu sistem təkcə dini motivlərlə yox, iqtisadi məntiqi, risk
bölgüsü və real sektorun inkişafına verdiyi dəstək baxımından da
diqqət mərkəzindədir.
İllər əvvəl müzakirə səviyyəsində olan bu ideya artıq konkret
hüquqi paketlər, tədqiqatlar və pilot mexanizmlərlə real mərhələyə
keçir. Belə ki, Mərkəzi Bankının İdarə Heyəti tərəfindən təsdiq
olunan “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf
Strategiyası”na əsasən, Azərbaycanda İslam bankçılığı sisteminin
yaradılması istiqamətində tədbirlər görülür. Mərkəzi Bankın son
açıqlamaları, beynəlxalq reytinq agentliklərinin proqnozları və
region ölkələrinin təcrübəsi göstərir ki, Azərbaycan yeni maliyyə
fəlsəfəsinə doğru ciddi addımlar atmağa başlayıb.
Yeni maliyyə modeli niyə bu qədər
aktualdır?
İslam bankçılığı dünya üzrə ən sürətlə böyüyən maliyyə
sistemlərindən biridir. Malayziya, İndoneziya, BƏƏ, Səudiyyə
Ərəbistanı və Türkiyə bu sahədə artıq illərlə formalaşmış
ekosistemə malikdir. Bu modelin əsasında faiz qadağası, riskin
bölüşdürülməsi, real sektorun maliyyələşdirilməsi və maliyyə
ədalətinin gücləndirilməsi dayanır.
Əslində, onun populyarlığının səbəbi təkcə şəriət prinsiplərinə
uyğunluğu deyil, daha önəmlisi, iqtisadiyyatı sabit və dayanıqlı
böyütmək potensialıdır. Azərbaycanda isə bu model bir neçə baxımdan
xüsusilə fərqləndirilir. Belə ki, ölkədə faizli kreditlərdən
çəkinən geniş əhali seqmenti mövcuddur. Eyni zamanda kiçik və orta
biznes subyektlərinin (KOB) maliyyələşməsində müəyyən dərəcədə
çətinlik yaşandığından alternativ mexanizmlərə ehtiyac duyulur.
Bununla yanaşı, artıq regionda İslam maliyyəsi üzrə liderlik üçün
münbit şərait mövcuddur.
Bütün bu amillərin fonunda bank sektorunda yeni gəlir mənbələri
və daha az spekulyativ fəaliyyət imkanları axtarılır. Bu səbəbdən
İslam bankçılığı artıq təkcə nəzəri ideya deyil, real ehtiyaca
çevrilməkdədir.
Azərbaycan Mərkəzi Bankı (AMB): “Əvvəl tələbi
bilməliyik”
Mərkəzi Bankın sədri Taleh Kazımovun mövqeyi prosesin
mahiyyətini çox dəqiq ifadə edir.
“Geniş miqyaslı model yaratmaq üçün tələbatın ölçülməsi
vacibdir. Bu model, sadə dildə desək, tələsik tətbiq ediləcək sahə
deyil”, – T. Kazımov vurğulayıb.
Onun sözlərinə görə, AMB-nin “İslam pəncərəsi” konsepsiyası da
məhz bunun üçün hazırlanıb. Sədr vurğulayıb ki, ənənəvi bankların
daxilində faizsiz maliyyə əməliyyatlarının sınaqdan keçirilməsi
planlaşdırılır. O qeyd edib ki, bu, həm sektoru təlimləndirəcək,
həm də bazarın real potensialını ortaya çıxaracaq.
“2022-ci ildə AMB-nin apardığı ilkin qiymətləndirmə göstərmişdi
ki, İslam maliyyəsinə tələb təqribən 300 milyon manatlıq potensiala
malikdir. Lakin bu rəqəm başlanğıc mərhələ üçün nəzərdə tutulan
minimal həcmi əks etdirir. Əgər sistem düzgün işləsə, bu bazarın
qat-qat böyüməsi qaçılmazdır, – AMB sədri bildirib.
Bu açıqlama, əslində, Azərbaycan bank sektorunun yeni mərhələnin
astanasında olduğunu göstərir. Qlobal təcrübə sübut edir ki, İslam
maliyyə sistemi sadəcə alternativ kredit modeli deyil, o, özündə
daha şəffaf, risklərin bölüşdürüldüyü və sosial məsuliyyət
elementlərini ehtiva edən tamamilə fərqli maliyyə fəlsəfəsidir.
Qanunvericilikdə müvafiq dəyişikiklər
gözlənilir
İslam bankçılığının Azərbaycanda tətbiqi faktiki olaraq yeni bir
maliyyə ekosistemi yaratmaq deməkdir. Bu, təkcə bank məhsullarının
dəyişməsi ilə bitmir, ölkənin bank sektorunda müvafiq hüquqi
arxitekturanın yenidən qurulmasını tələb edir. Məhz buna görə
proses bir qərarla deyil, geniş islahat paketi ilə həyata
keçirilir.
Bu gün müzakirə olunan dəyişiklər tək-tük maddələrin redaktəsi
deyil, uzun illərdir işləyən qanunvericilik çərçivəsinin təməlinə
toxunan addımlardır. Əsas səbəb isə sadədir: İslam maliyyə modeli
ənənəvi faiz prinsipinə söykənmədiyinə görə, onun tətbiqi mövcud
hüquqi mexanizmlərlə uyğunlaşmır. Bu uyğunsuzluğun aradan
qaldırılması üçün Mülki Məcəllədən tutmuş Vergi Məcəlləsinə qədər
geniş spektrdə dəyişikliklər qaçılmazdır.
Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı
inkişafı departamentinin direktoru Rüstəm Tahirovun sözlərinə görə,
bu dəyişikliklərin hamısı 2025-ci ilin sonunadək hökumətə təqdim
olunacaq.
“Ən vacib məsələlərdən biri isə İslam maliyyə əməliyyatlarının
ƏDV-dən azad edilməsi ilə bağlıdır. Əgər bu tətbiq olunarsa,
faizsiz maliyyə modelləri iqtisadi cəhətdən rəqabətədavamlı
olacaq”, – R. Tahirov vurğulayıb.
Rüstəm Tahirovun vurğuladığı ƏDV-dən azadolma məsələsi, əslində,
bütün prosesin açar nöqtəsidir. Çünki İslam maliyyəsi, klassik
kreditdən fərqli olaraq, çox vaxt ikiqat əməliyyat tələb edir: bank
aktiv alır, sonra müştəriyə satır. Mövcud qanunvericilikdə bu
əməliyyatlar vergitutma baxımından əlavə yük yaradır və modelin
iqtisadi cəlbediciliyini azaldır. Əgər bu yük aradan qaldırılarsa,
İslam bankçılığı yalnız ideoloji və ya dini tələbat üçün deyil, tam
anlamı ilə real rəqabət aləti kimi bank sektorunda yer ala
bilər.
Burada maraqlı bir məqam da diqqətdən qaçmamalıdır. Belə ki,
hökumətin bu məsələyə bu qədər sistemli yanaşması göstərir ki,
İslam maliyyəsi Azərbaycanda epizodik və ya lokal bir layihə kimi
görülmür. Əksinə, dövlət bu modeli iqtisadiyyatın
diversifikasiyası, yeni investisiya platformalarının yaradılması və
maliyyə sabitliyinin möhkəmləndirilməsi üçün strateji bir fürsət
kimi qiymətləndirir.
2025-ci ilin sonunadək təqdim ediləcək bu paket ölkənin maliyyə
sistemində son illərin ən böyük hüquqi transformasiyası ola bilər.
Bu dəyişikliklər baş tutarsa, Azərbaycan yalnız regionda deyil,
daha geniş coğrafiyada İslam maliyyəsinin inkişafı üçün nümunəvi
bir modelə çevrilə bilər.
2025-ci ildən mərhələli tətbiq: “İslam pəncərələri”
praktikaya keçir
Sistemin ilkin formasının ənənəvi bankların daxilində fəaliyyət
göstərən “İslam pəncərələri” olması təsadüfi deyil. Dünya
təcrübəsində də tətbiq adətən bu modeldən başlayır. Bu mərhələnin
isə üç əsas məqsədi var: müştərilərə faizsiz məhsulları tanıtmaq;
bank sektorunda metodoloji və əməliyyat bacarıqlarını
formalaşdırmaq; real tələbatın ölçülməsi və statistik baza
yaratmaq
Dünya təcrübəsinə baxsaq, Pakistan və Türkiyə kimi ölkələrin
mərkəzi banklarının bu hazırlıq prosesinə bilavasitə dəstək
verdiyini söyləyə bilərik.
Moody’s: “Azərbaycan üçün müsbət kredit effekti
yaranacaq”
Beynəlxalq reytinq agentliyi “Moody’s” yeni sistemin banklar
üçün yeni gəlir mənbələri yaradacağını vurğulayır.
“Xüsusilə İslam maliyyəsi fondlarından vəsait cəlbi asanlaşacaq,
sukuk emissiyası sayəsində uzunmüddətli, sabit maliyyələşmə mümkün
olacaq, bank sektorunun likvidliyi güclənəcək”, – qurum qeyd
edib.
“Moody’s”in ən diqqətçəkən qeydi isə budur: “Azərbaycanda
əhalinin böyük qisminin müsəlman olması potensialın çox böyük
olduğuna işarə edir, amma normativ boşluqlar səbəbindən bu
potensial hələ reallaşmayıb”.
Kiçik və orta biznes (KOB) üçün yeni
nəfəs
Azərbaycan biznes sektorunda KOB-lar həm iqtisadi strukturda,
həm də məşğulluqda böyük paya sahibdir. Lakin onların
maliyyələşməsində hələ də müəyyən qədər çətinliklər mövcuddur.
İslam maliyyəsinin müüvafiq risk bölüşdürən alətləri KOB-lar üçün
daha ədalətli və şəffaf maliyyə imkanları yarada bilər. Bu, həm
sahibkarlığın genişlənməsi, həm də iqtisadiyyatın şaxələndirilməsi
baxımından vacibdir.
Müşahidələr göstərir ki, Azərbaycan İslam bankçılığına keçiddə
tələsik qərarlar vermir, məhz düzgün olan da budur. Ölkə hazırda üç
strateji istiqamətdə addımlayır: tələbatın real qiymətləndirilməsi
(yəni hansı məhsullara ehtiyac var?); hüquqi çərçivənin yenilənməsi
(yəni modelin bazası olmasa, tətbiq mümkün deyil); bank sektorunun
təlimi və mərhələli uyğunlaşması (yəni risklər düzgün idarə
olunmalıdır).
Ümumilikdə, bu yanaşma prosesin davamlı və uzunmüddətli
olacağını göstərir. Yəni məqsəd yalnız yeni məhsul yaratmaq deyil,
ölkədə tamamilə yeni maliyyə ideologiyası formalaşdırmaqdır.
Nəticə etibarilə qeyd edə bilərik ki, İslam bankçılığı mümkün
yeni iqtisadi mərhələnin əsas sütunlarından biri ola bilər.
Potensial böyükdür, hazırlıq isə realdır. Əgər qanunvericilik
paketləri qəbul olunarsa və “İslam pəncərələri” uğurlu nəticə
versə, 2025–2026-cı illər Azərbaycanın maliyyə tarixində yeni
mərhələnin başlanğıcı kimi kimi yadda qala bilər.

