
Türk Dövlətləri Təşkilatı bu gün təhlükəsizlik, iqtisadiyyat və getdikcə daha çox mədəni sahələrdə əlaqələri gücləndirən ən mühüm regional əməkdaşlıq mexanizmlərindən birinə çevrilib.
“Report” xəbər verir ki, bunu Macarıstanın Danube İnstitutunun icraçı direktoru Istvan Kiss Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda keçirilən “Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü” adlı paneldə deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılışı sadəcə yeni nəqliyyat xəttinin və ya əlaqənin qurulması deyil:
“Bu, Mərkəzi Asiyadan Avropaya qədər uzanan yeni geosiyasi və iqtisadi mənzərənin formalaşmasını simvolizə edir – Mərkəzi Asiyadan başlayan, müxtəlif koridorlardan keçərək Azərbaycana gələn, Cənubi Qafqazı keçib Naxçıvan vasitəsilə yenidən Azərbaycanla birləşən, oradan isə Türkiyəyə uzanan ticarət yolunun möhkəmlənməsini göstərir”.
İcraçı direktor həmçinin Macarıstanın Azərbaycan və Ermənistan arasındakı son prosesləri dəstəklədiyini və alqışladığını da bildirib:
“Bütün bu hadisələr davamlı sülhə və regionda yeni qarşılıqlı əlaqə dövrünə doğru ciddi və hiss olunan irəliləyişi göstərir. İrəliləyişin digər əlamətləri ötən ay Prezident İlham Əliyevin Astanaya işgüzar səfəri zamanı göründü. Dövlət başçısı səfər zamanı Azərbaycanın Ermənistandan keçən bütün tranzit məhdudiyyətlərini aradan qaldırdığını elan etdi”.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

