
Ödəniş terminallarında kredit ödənişi zamanı tutulan komissiya məbləğinin artırıldığı iddia olunur.
Metbuat.az-ın məlumatına görə, sosial şəbəkə istifadəçilərindən biri bildirib ki, artıq hər 100 manat üçün 1 manat komissiya tutulur.
Onun sözlərinə görə, əvvəl “MilliÖn”, “E-Manat” və digər terminallarda kredit ödənişlərində 300 manata qədər ümumilikdə 1 manat komissiya tətbiq olunurdu, lakin son 3-4 ayda bu məbləğ hər 100 manat üçün 1 manata yüksəlib.
Metbuat.az məsələ ilə bağlı “MilliÖn” şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, limit və komissiya məbləğləri banklar tərəfindən müəyyən edilir.
Qeyd olunub ki, hazırda MilliÖN ödəmə sistemində 100 manat üçün 1 manat komissiya tətbiq edən hər hansı bank mövcud deyil.
Sevinc İbrahimzadə / Metbuat.az

