Bakı. Trend:
Karib Ölkələri İttifaqının 15 ölkəsi və Afrika İttifaqı
əsrlərboyu davam edən kölə ticarətinə görə Böyük Britaniyadan
təzminat tələb etmək niyyətindədir.
Trend xəbər verir
ki, bu barədə “Reuters” məlumat yayıb.
Karib ölkələri bu məqsədlə xüsusi təzminat komissiyasına tarixi
ədaləti bərpa etmək üçün Britaniya hökuməti ilə danışıqlar aparmaq
səlahiyyəti verib. Komissiya tərəfindən hazırlanmış plan rəsmi
üzrxahlıqları, təhsil proqramlarını, borcların bağışlanmasını və
nağd ödənişləri əhatə edir.
Oxşar plan Afrika İttifaqı ölkələri tərəfindən də hazırlanır. Bu
ölkələr XV-XIX əsrlərdə 12,5 milyondan çox qurbanın ölümünə səbəb
olan kölə ticarətinə görə təzminat tələb edirlər.
Qeyd olunur ki, bir çox Avropa lideri müasir dövlətlərin tarixi
cinayətlərə görə məsuliyyət daşımadığını əsas gətirərək bu mövzunu
müzakirə etməyi qəbul etmirlər.

