Vətən müharibəsi ilə bütün dünya gördü ki, Azərbaycan Ordusu istənilən döyüş əməliyyatını mükəmməl şəkildə yerinə yetirə bilər – Ehtiyatda olan kapitan

Baş səhifə

Bakı. Trend:

Vətən müharibəsi ilə bütün dünyaya sübut etdik ki, istənilən
döyüş əməliyyatını mükəmməl şəkildə yerinə yetirə bilər.

Bunu 8 Noyabr – Zəfər Günü münasibətilə Trend-ə açıqlamasında
ehtiyatda olan kapitan Ramil Bədəlov deyib.

O, Zəfərin həm xalq, həm də ordu üçün misilsiz önəm daşıdığını
bildirib. Kapitan Ramil Bədəlov bildirib ki, o, Aprel döyüşləri,
Vətən müharibəsi və sonrakı antiterror əməliyyatlarında iştirak
edib:

“Mən həm Aprel döyüşlərinin, həm də 44 günlük Vətən
müharibəsinin, eləcə də antiterror əməliyyatlarının iştirakçısıyam.
Bu gün biz qələbəmizin 5-ci ilini qeyd edirik və bununla fəxr
edirik. Şadıq ki, xalqımıza bu qələbə sevincini yaşada bildik. Bu,
bizim müqəddəs borcumuz idi və biz həmin vəzifənin öhdəsindən
layiqincə gəldik”.

Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan uğurlar bir
daha göstərdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü və peşəkar
ordularından biridir:




“Bütün dünya gördü ki, Azərbaycan Ordusu istənilən döyüş
əməliyyatını mükəmməl şəkildə yerinə yetirə bilər. Biz bunu
xüsusilə Şuşa döyüşlərində sübut etdik. Həmin döyüşlər bir çox
ölkələrin orduları üçün ağlasığmaz əməliyyat hesab edilirdi. Biz
yalın əllərlə qayalara dırmanaraq, düşməni məhv edib şəhəri azad
etdik. Bu, həm qəhrəmanlıq, həm də milli ruhun zirvəsi idi”.

Ehtiyatda olan zabit Ali Baş Komandan başda olmaqla bütün
Azərbaycan xalqını və Silahlı Qüvvələrin şəxsi heyətini Zəfər Günü
münasibətilə təbrik edib:

“Bu qələbənin memarı olan Ali Baş Komandana, Ordumuzun bütün
qəhrəman zabit və əsgərlərinə minnətdaram. Eyni zamanda, bu zəfərin
əldə edilməsində canını fəda etmiş şəhid qardaşlarıma Allahdan
rəhmət diləyirəm. Onların ruhu qarşısında baş əyirəm”.

Ramil Bədəlov vurğulayıb ki, 8 Noyabr – Zəfər Günü təkcə
Azərbaycanın deyil, bütün türk dünyasının şərəf və birlik
rəmzidir:

“Zəfər Günü xalqımızın birliyinin, dövlətimizin gücünün və igid
oğullarımızın qanı ilə yazılmış tarixdir. Bu qələbə nəsillər boyu
qürurla xatırlanacaq”.