
Bakı. Trend:
Vaşinqton ABŞ Prezidenti Donald Trampın Çin Sədri Şi Cinpinlə
danışıqlarının nəticələrinə əsasən, Çin mallarına qarşı artırılmış
cavab rüsumlarının tətbiqini bir il müddətinə – 10 noyabr 2026-cı
il tarixinədək təxirə salıb.
Trend xəbər verir
ki, bu barədə məlumat Trampın Federal Reyestrdə dərc olunmuş
bəyanatında əksini tapıb.
Bəyanatda qeyd olunur ki, ABŞ və Çin rəhbərləri iqtisadi və
ticarət əlaqələri sahəsində tarixi razılaşma əldə ediblər.
Razılaşmaya əsasən, Çin nadir torpaq elementləri və digər strateji
əhəmiyyətli faydalı qazıntıların ixracına qoyulmuş məhdudiyyətləri
dayandırmağa, eləcə də ABŞ-nin yarımkeçirici istehsalçıları və bu
sahədə fəaliyyət göstərən böyük şirkətlərə qarşı mövcud problemləri
aradan qaldırmağa razılaşıb.
Sənəddə həmçinin bildirilir ki, Çin 31 dekabr 2026-cı il
tarixinə qədər ABŞ kənd təsərrüfatı məhsullarına qarşı rüsumların
tətbiqini dayandıracaq və ABŞ-dən idxal olunan mallara dair
rüsumların qüvvəyə minməsini 10 noyabr 2026-cı ilədək təxirə
salacaq.

