Ermənistanın hücumları nəticəsində zərər çəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri məhkəmədə elan olunub

Baş səhifə

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 24-də
davam etdirilib.

Trend xəbər
verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi
ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat
hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən
şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri
üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.

Məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla
bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin ifadələri elan
edilib.

Sədrlik edən Zeynal Ağayev bildirib ki, bir sıra zərərçəkmiş
şəxs məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesində iştirak
edə bilməyəcəklərini, ibtidai istintaqa ifadələrinin məhkəmə
prosesində tədqiq olunmasını xahiş edib.

Zərərçəkmişlərin iclasda iştirak edə bilməməsinə və ibtidai
istintaqa ifadələrinin tədqiq edilməsinə etiraz edən olmayıb.

Ardınca təqsirləndirilən Davit İşxanyan məhkəməyə müraciət
edərək hüquqlarını müdafiə edən vəkili ilə konfidensial görüşmək
istədiyini deyib. Bildirib ki, o, sübutlara əlavə olunması üçün
məhkəməyə video təqdim etmək istəyir. Qeyd edib ki, həmin video
2020-ci ildə Tovuz hadisələrindən sonra lentə alınıb. Amma videonu
məhkəməyə təqdim etməzdən əvvəl ona vəkili ilə birlikdə baxması
üçün şərait yaradılmasını xahiş edib.

Hakim fasilədə bunun üçün onlara şərait yaradılacağını
deyib.

Təqsirləndirilən Davit Manukyan isə vəsatət verərək Ermənistanda
anadan olmuş, orada yaşamış, Masis rayonunun Sayat Nova kəndində
(keçmiş Zəngibasar rayonunun Aşağı Necili kəndi – red.) əlvan
metallar bazasında işləmiş, sonralar isə oradan didərgin salınmış
Knyaz adlı azərbaycanlının məhkəməyə şahid qismində dəvət
olunmasını xahiş edib. Bildirib ki, həmin şəxsin soyadını və onunla
bağlı digər məlumatları xatırlamır.

Vəsatətə münasibət bildirən Baş prokurorun böyük köməkçisi Vüsal
Əliyev deyib ki, müdafiə tərəfi həmin şəxsin məhkəməyə hansı
səbəbdən dəvət olunmasını və dindirilməsinin konkret məqsədini,
habelə onun şəxsiyyətini təsdiq edən, eləcə də şəxsiyyətini müəyyən
etmək üçün zəruri məlumatları bildirmədi. Bundan başqa,
dindirilməsi xahiş olunan şəxsin yaşadığı yer, soyadı da məlum
deyil. Belə olan halda vəsatətin təmin edilməsi qeyri-mümkündür.
Hətta təmin edilərsə belə icrası mümkünsüzdür.

Məhkəmə yerində müşavirə keçirərək qərar qəbul edib.

Qərara əsasən vəsatət əsassız olduğu üçün təmin edilməyib.

Bundan sonra məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə
bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş
şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri
elan olunub.

Zərərçəkmiş Vəliyev Fikrət Cavad oğlunun elan olunan ifadəsinə
əsasən, 1992-ci il fevralın 25-də gecə saatlarında Ermənistan
hərbçiləri Xocalı şəhərində evləri yandırarkən o, evinə gedib.
Orada heç kimin olmadığını görüb və Kətik meşəsi istiqamətində
qaçıb. Qarqarçayın üzərindəki körpünün altında çoxlu sayda Xocalı
şəhər sakinlərini, o cümlədən arvadı Vəliyeva Ürüzə Xanlar qızını,
bacısı Sürəyya Vəliyeva və bacısı oğlu Əhmədov Anar İslam oğlunu
görüb. O, ailə üzvləri və təxminən 300 nəfər Xocalı sakini ilə
birlikdə Kətik meşəsi istiqamətində hərəkət edib, Kətik kəndinə
yaxınlaşarkən Ermənistan ordusu tərəfindən atəşə tutulmaları
nəticəsində adlarını bilmədiyi bir neçə Xocalı sakini öldürülüb və
yaralanıb. Bütün gecəni meşədə qaldıqları üçün Xocalı şəhər
sakinlərinin əksəriyyətinin ayaqlarını don vurub, adlarını
bilmədiyi bəzi şəxslər donvurmadan ölüblər. Həmin gecə bacısı və
digər qohumları naməlum şəraitdə itkin düşüblər, onların
yaşayıb-yaşamaması barədə heç bir məlumat yoxdur.

Dumanlı hava şəraiti ilə əlaqədar Ağdam rayonu istiqamətində
gedən yolu tapa bilməyib, fevralın 27-də 230 nəfər Xocalı şəhər
sakini ilə Dəhrəz kəndinin yaxınlığından keçərkən Ermənistan
hərbçiləri tərəfindən atəşə tutulublar. Bağırova Zəhra Sarı qızı,
Telman, Mehti və adlarını xatırlamadığı 4 nəfər burada ölüb, 3
nəfər isə yaralanıb. O və digərləri girov götürülərək həmin kənddə
yerləşən tövlədə saxlanılıb və burada işgəncələrə məruz qalıblar.
Həmin vaxt Ermənistan hərbçisinin girovların arasından olan uşağa
təpiklə vurması nəticəsində onun başı zərblə divara dəyib. Uşağı
qorumaq üçün onu yerdən götürüb qucağına alsa da, həmin hərbçi
Azərbaycan dilində “sizin hamınızı öldürəcəyik” deyib. Üzərilərində
olan pul vəsaitləri, qızıl-zinət əşyaları qarət edilib, soyuq
fermada ac-susuz saxlanılıblar. Bundan əlavə, Ermənistan hərbçiləri
girovların arasından gəncləri – Usubəli Qarayevi, Zakir, Əliyar və
Elşad Usubovları, Rövşən Həsənovu, Vüqar Hüseynovu, Ülfət Əliyevi,
Tofiq Zeynalovu, Elşad Həsən oğlunu, Ələddin Paşayevi, Siyavuş
Halay oğlunu, Rövşən Qaçay oğlu və Şahin adlı Xocalı sakinlərini
seçib çölə çıxarıblar. Sonra atəş səsləri, ardınca isə avtomobil
səsi eşidilib, hazırkı vaxtadək həmin şəxslər itkin düşmüş
sayılır.




Elan olunan ifadələrə əsasən, zərərçəkmiş şəxslər Hümbətəliyev
Rüfət Bəxtiyar oğlu, Cavadov Natiq Şahin oğlu, Baxşəliyev Nizami
Fizuli oğlu və Nəbiyev Nadir İqor oğlu ifadələrində 2022-ci il
sentyabrın 13-də Kəlbəcər rayonunun ərazisində düşmənin
təxribatından bəhs ediblər. Qeyd edilib ki, həmin vaxt
R.Hümbətəliyev, N.Cavadov və N.Baxşəliyev düşmənin açdığı atəşlər
nəticəsində, N.Nəbiyev isə düşmənin basdırdığı minanın partlaması
nəticəsində yaralanıblar. Elnur Rüstəmov, Qədim Xəlilov və Ümid
İmamquliyev isə həlak olublar.

Zərərçəkmiş Mustafayev Siyasət Akif oğlunun hüquqi varisi
qismində tanınaraq dindirilmiş Mustafayev Akif Məmməd oğlu
ifadəsində bildirib ki, övladı 2020-ci il sentyabrın 27-də Ağdərə
rayonunun Talış kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin
açdığı atəşlər nəticəsində həlak olub.

Digər zərərçəkmiş Həbibov Rahim Şirməmməd oğlu ifadəsində
göstərib ki, o, “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış
Energetika İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətin
Mühəndis-axtarış idarəsinin Mühəndis-geodeziya şöbəsinin rəisi
vəzifəsində işləyib və işi ilə əlaqədar “Şuşa-Xankəndi” 110 kV-luq
yüksəkgərginlikli elektrik hava xəttinin çəkilməsinin
planlaşdırılması məqsədilə 2023-cü il dekabrın 7-də əraziyə baxış
keçirərkən mina partlayışı baş verib və xəsarət alıb.

Abbasov Alman Ənvər oğlu ifadəsində qeyd edib ki, o, Füzuli
rayonunun Qarabağ kəndində yaşayır. 2020-ci il oktyabrın 9-da
Ermənistan silahlı qüvvələri tərəfindən atılan artilleriya
mərmilərindən biri onun yaşadığı evin yaxınlığına düşüb. Nəticədə
evi və istifadəsində olan avtomobili yararsız vəziyyətə düşüb,
həmin vaxt özü, habelə Rəfiyev Elçin Məmməd oğlu, Şirinov Elşən
Şahmar oğlu, Aslanov Yaşar Savalan oğlu və Əhmədov Tahir Telman
oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Həsənzadə Cəsarət Gülağa oğlu ifadəsində göstərib ki, 2023-cü il
sentyabrın 19-da Ağdərə rayonu ərazisində Ermənistan ordusunun
qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış
tankəleyhinə idarəolunan raket mərmisinin yaxınlığına düşüb
partlaması nəticəsində o və yanında olan Akif Koroğluyev, Hüseyn
Babayev və Amin Ələsgərov xəsarətlər alıblar, Füzuli Məmmədov isə
həlak olub.

Balakişiyev Ehtibar Təvəggül oğlu ifadəsində qeyd edib ki,
2020-ci il oktyabrın 3-də Beyləqan şəhərinə 3 raket atılıb. Həmin
raketlərdən birinin yol kənarına düşməsi nəticəsində xəsarət
alıb.

Zərərçəkmiş İbrahimov Nadir Əli oğlu ifadəsində göstərib ki,
2020-ci il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən
Gəncə şəhəri, Əziz Əliyev küçəsinə atılan raket zərbəsinin
təsirindən evi dağılıb. Həmin vaxt onunla birlikdə 1 yaşlı nəvəsi
Emil İbrahimov və arvadı Süheyla İbrahimova ətrafda olan şəxslərin
köməyi ilə dağıntılar altından çıxarılıblar. Hadisə nəticəsində hər
üçü xəsarət alıb. Yaşadıqları ərazidə hər hansı bir hərbi təyinatlı
obyekt olmayıb.

Digər zərərçəkmiş Həsənova Lalə Akif qızı ifadəsində bildirib
ki, 2020-ci il oktyabrın 4-də yaşadığı Gəncə şəhəri, Nəriman
Nərimanov prospektindəki evə Ermənistan silahlı qüvvələri
tərəfindən atılmış raket zərbələrinin təsirindən özü və qızı Nigar
xəsarətlər alıblar, oğlu İlyasın sol qolu və barmaqları sınıb.
Zərbənin təsirindən evləri dağılaraq yararsız hala düşüb.

Zərərçəkmiş Teymurov Fərid Füzuli oğlunun hüquqi varisi Teymurov
Füzuli Əjdər oğlu ifadəsində bildirib ki, oğlu Fərid 2020-ci il
oktyabrın 7-də Suqovuşan kəndi ərazisində itkin düşüb, onun nəşi
yalnız 2021-ci il yanvarın 2-də tapılıb.

Zərərçəkmiş Kərimov Elmir Rəhim oğlunun hüquqi varisi Kərimov
Rəhim Həkim oğlu ifadəsində bildirib ki, oğlu 2020-ci il oktyabrın
1-də Talış-Suqovuşan istiqamətində Ermənistan silahlı qüvvələrinin
atdığı minaatan mərmisinin partlaması nəticəsində həlak olub.

Zərərçəkmiş Quliyev Elçin Rövşən oğlunun hüquqi varisi Quliyev
Rövşən Balay oğlu oğlunun 2020-ci il sentyabrın 29-da, zərərçəkmiş
Cəfərov Oruc Vaqif oğlunun hüquqi varisi Cəfərov Vaqif Mahmud oğlu
övladının 2020-ci il oktyabrın 1-də, zərərçəkmiş Nağıyev Baloğlan
Müdəhət oğlunun hüquqi varisi Nağıyev Müdəhət Baloğlan oğlu
övladının 2020-ci il oktyabrın 5-də, zərərçəkmiş Cəfərov Təbriz
İlqar oğlunun hüquqi varisi Cəfərov İlqar Qərib oğlu ifadəsində
övladının 2020-ci il oktyabrın 30-da Ermənistan silahlı
qüvvələrinin Suqovuşan kəndi istiqamətində açdığı atəşlər
nəticəsində həlak olduqlarını bildiriblər.

Məhkəmə iclası digər ifadələrin oxunması ilə davam
etdirilib.

Məhkəmə prosesi oktyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.