İKZF satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 200 milyon manatlıq yaşayış sahələri alır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
(İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yeni
yaşayış sahələri alacaq.

Trend-in
məlumatına görə, vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış
sahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisinin
tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcək.

Bildirilib ki, satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə
yaşayış sahələri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış
sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na uyğun
olaraq vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə
yaşayış sahələrinin satın alınması nəzərdə tutulur.




“İştirakçılar tərəfindən satınalma predmetinin ümumi həcmindən
daha az həcmdə yaşayış sahəsi təklif edildikdə satınalan təşkilat
bu təkliflər üzərindən qiymətləndirmə edərək qalibi müəyyən edir.
Bu halda təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi
sahəsi 20000 kv.m-dən az olmamalıdır. Satınalma predmetinə dair
digər tələblər şərtlər toplusunun (B) mallara dair tələblər
hissəsində nəzərdə tutulub”, – məlumatda vurğulanıb.

İKZF artıq bununla bağlı işlərə start verib.

Fond satın alınması nəzərdə tutulan yaşayış sahələrinə
ümumilikdə 200,4 milyon manat sərf olunacağını proqnozlaşdırıb.