
Bakı. Trend:
2025-ci ilin payızı Cənubi Qafqaz tarixində növbəti diplomatik
bəyanatlar mövsümü kimi yox, bölgənin otuz ildən sonra ilk dəfə
real sülh nəfəsini duyduğu dönəm kimi qaldı. İki tarix – 21 və 22
oktyabr – keçmişlə gələcəyi ayırdı: Astanada Azərbaycan Prezidenti
İlham Əliyev Ermənistan istiqamətində yüklərin tranzitinə qoyulan
bütün məhdudiyyətlərin aradan qaldırıldığını bəyan etdi, ertəsi gün
isə Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən 5-ci
“İpək Yolu Forumu”nda çıxış edərək əslində bir etiraf etdi.
Bu etiraf dini yox, siyasi xarakter daşıyırdı – səhvlərin
tanınması və reallıqla barışmaq cəhdi idi.
Onilliklərdir barış haqqında danışılırdı, amma ilk dəfə o, metafora
olmaqdan çıxdı. Barış ölçülə bilən hala gəldi – dəmir yollarının
kilometrləri, buğdanın tonları, açılan keçid məntəqələrinin sayı
ilə.
Azərbaycan faciələrdən, qələbələrdən və dərin transformasiyadan
keçərək, postsovet məkanında heç bir regional oyunçunun cəsarət
etmədiyi bir addım atdı: “postmünaqişə sülhü” anlayışını diplomatik
şüardan iqtisadi modelə çevirdi.
Bakının öz ərazisindən Ermənistana tranziti açmaq qərarı müasir
Azərbaycan siyasətinin fəlsəfəsi ilə sıx bağlıdır.
Prezident İlham Əliyev Qazaxıstanda çıxış edərkən sadəcə bir
xəbəri çatdırmadı. Dövlət başçısı yeni bir dövrün başlanmasını elan
etdi – gücün blokada ilə deyil, axınların idarə olunması ilə
ölçüldüyü dövrün.
“Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin
tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit
Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin
Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində
deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, –
Prezident İlham Əliyev Astanada bəyan etdi.
Bu cümlə sadəcə fakt deyil – yeni epoxanın siyasi düsturudur.
Bakı artıq gündəliyi silahla deyil, geo-iqtisadi alətlərlə
müəyyənləşdirir.
İlk tranzit yük – Qazaxıstan buğdası –
Xəzər–Azərbaycan–Gürcüstan–Ermənistan marşrutu ilə keçdi. İlk
baxışda bu, cüzi bir logistik hadisə təsiri bağışlaya bilər, amma
əslində sivilizasiya yönünün dəyişməsi idi. Çünki buğda – həyat və
bərəkətin qədim simvolu – iki xalq arasında etimadı bərpa edən ilk
körpü oldu.
22 oktyabrda Nikol Paşinyanın Tbilisidəki çıxışı isə təkcə
beynəlxalq müşahidəçiləri deyil, erməni ictimaiyyətini də
təəccübləndirdi.
O, açıq şəkildə Azərbaycan Prezidentinə təşəkkür etdi:
“Prezident İlham Əliyev yaxınlarda bəyan etdi ki, Azərbaycan
Ermənistan istiqamətində öz ərazisindən keçən yüklərin tranzitinə
qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, son dərəcə mühüm
bəyanatdır və mən bu qərarına görə Azərbaycan Prezidenti İlham
Əliyevə dərin minnətdarlığımı bildirirəm”.
Tarixi incikliklər və daimi təhlükə narrativinə söykənən
Paşinyan ilk dəfə praqmatizmin dili ilə danışdı.
O, tranzitdən, qarşılıqlı faydadan, yollardan və elektrikdən
danışdı – Ermənistan siyasətinin onilliklərdir toxunmadığı
mövzulardan. Şovinizm və “əzabkeş millət” kompleksi ilə zəhərlənmiş
bir siyasi şüurda bu, inqilabi dönüş idi.
Paşinyan etiraf etdi ki, “Ermənistan və Azərbaycan sülh prosesi
və dövlətlərarası münasibətlər haqqında Müqavilənin imzalanması və
ratifikasiyası vasitəsilə sülh prosesinə institusional xarakter
qazandırmaq üzərində işləyir”.
Bu etiraf Ermənistan siyasətində bir dövrün bitdiyini göstərdi –
o dövr ki, “sülh” sözü sadəcə növbəti qarşıdurmaya qədərki fasiləni
bildirirdi.
Yeni düşüncə tərzi təkcə ritorikada deyil, konkret bəyanatlarda
da özünü göstərdi.
Paşinyan vurğuladı ki, Ermənistan Türkiyə və Azərbaycan arasında
yüklərin tranzitini, o cümlədən avtomobil və dəmir yolu əlaqəsini
təmin etməyə texniki cəhətdən hazırdır.
O əlavə etdi ki, gələcəkdə Naxçıvanı Ermənistan ərazisi
üzərindən Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək elektrik
xətləri də fəaliyyətə hazır olacaq.
Bu sözlər təkcə texniki hazırlıq deyil, həm də yeni reallığın
qəbuludur: sülh – bu, infrastruktur deməkdir.
Onilliklər boyu təcrid içində yaşamış bir ölkənin baş naziri
tranzitdən danışırsa, bu artıq siyasət yox, diaqnozdur.
Ermənistan başa düşdü ki, təcrid öldürür, yollar isə
sağaldır.
… Otuz il ərzində Ermənistan geosiyasi və iqtisadi özünütəcrid
vəziyyətində yaşadı.
Azərbaycan və Türkiyə ilə bağlı sərhədlərin bağlı qalması,
Gürcüstan və İran üzərindən məhdud çıxış imkanları, xarici
subsidiyalardan və miqrasiyadan asılılıq – bütün bunlar Ermənistanı
“marşrutsuz ölkə”yə çevirdi.
O, xəritəyə imkanlar şəbəkəsi kimi deyil, blokadalar sistemi
kimi baxmağa məcbur idi.
Azərbaycan isə məsələni başqa cür həll etdi. Bakıda çoxdan başa
düşülüb ki, müasir güc tankların sayında deyil, boru kəmərlərinin
uzunluğunda və konteyner axınlarının sürətində ölçülür.
Bakı–Tbilisi–Ceyhan neft kəmərindən tutmuş Transxəzər və Orta
Dəhliz layihələrinə qədər ölkə kontinental arteriyalar inşa etdi.
İndi isə bu təcrübə əsas siyasi məqsəd üçün istifadə olunur –
Cənubi Qafqazı qarşıdurma zonasından qarşılıqlı asılılıq zonasına
çevirmək üçün.
Prezident İlham Əliyev Astanada Ermənistan istiqamətində tranzit
məhdudiyyətlərinin aradan qaldırıldığını bəyan edərkən impulsiv
davranmadı. Bu, regional liderliyin düşünülmüş strategiyasının bir
hissəsidir.
Bakı anlayır ki, davamlı sülhü diplomatik protokollar deyil,
məhz infrastruktur təmin edir: relslər və enerji xətləri daha güclü
bağ yaradır.
Azərbaycan sadəcə sülh təklif etmir – o, qarşılıqlı faydanı
etimadın bazasına çevirən sistem təklif edir.
Onilliklərdən sonra Cənubi Qafqaz imperiyalar arasındakı sərhəd
zonasına deyil, qitələr arasında körpüyə çevrilir.
Əgər Bakının və Ankaranın siyasəti hər zaman
sinxronlaşdırılmışdısa, bu gün ona tədricən İrəvan da uyğunlaşmağa
başlayır. Ermənistan–Türkiyə danışıqları çərçivəsində müzakirə
olunan Gümrü–Qars dəmir yolu xəttinin bərpası bu prosesin növbəti
məntiqli addımı ola bilər.
2024-cü ildə, sərhədin hələ də bağlı olmasına baxmayaraq,
Türkiyənin Ermənistana ixrac həcmi 336 milyon dollara çatdı. Bu
malların demək olar ki, hamısı Gürcüstan üzərindən daşınırdı –
geyim, məişət texnikası, tikinti materialları, ərzaq, yanacaq.
İndi isə bu axın birbaşa keçə bilər. Ermənistan üçün bu, sadəcə
iqtisadi canlanma deyil – nəfəs almaq imkanıdır. Türkiyə üçün isə
regionda ticarət və enerji mərkəzi kimi rolunu gücləndirmək
yoludur. Azərbaycan üçün isə sübutdur ki, sülh və infrastruktur
bir-birinin sinonimi ola bilər.
Paşinyan bu təşəbbüsü şərh edərkən bəyan etdi ki, Ermənistan
“Türkiyə və Azərbaycan arasında yüklərin tranzitini texniki və
siyasi baxımdan təmin etməyə hazırdır”. Bu hazır olmaq sadəcə
güzəşt deyil, etirafdır: gələcək Bakı tərəfindən formalaşdırılan
marşrutlardan kənarda mümkün deyil.
İllər boyu yüzlərlə erməni analitiki cəmiyyəti inandırmağa
çalışdı ki, Azərbaycanla ticarət kapitulyasiyadır, Türkiyə ilə
inteqrasiya isə xəyanət. Nəticədə Ermənistan öz miflərinin tələsinə
düşdü – qəhrəmanlıq stagnasiya ilə, vətənpərvərlik isə qapalı
sərhədlərlə əvəz olundu.
Amma tarix amansızdır. İqtisadi dayağı olmayan ideologiya toza
çevrilir.
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağına
çevrildikdə, onun ərazisindən neft, qaz, enerji və optik-lif
xətləri keçməyə başladıqda, Ermənistan yeni coğrafiyanın kölgəsində
qaldı.
Bunu anlamaq – yaşamaq deməkdir.
Paşinyan bəlkə də dərk etdi ki, XXI əsr – şüarların deyil,
logistik axınların əsridir. Konteynerlərin, yox, tikanlı
məftillərin dövrü.
Nəqliyyat yaxınlaşmasından sonra növbəti mərhələ enerji
olacaq.
Ermənistan gələcəkdə Azərbaycanı, Türkiyəni və Gürcüstanı
birləşdirəcək regional enerji halqasına qoşula bilər. Söhbət köhnə
elektrik xətlərinin bərpasından gedir: Razdan SES – Ağstafa (330
kV), Ararat – Babək (220 kV), Ararat – Nuraşen (110 kV), Aqarak –
Ordubad (110 kV).
Əgər bu xətlər bərpa olunsa, Ermənistan istehlakçı yox, tranzit
ölkəyə çevriləcək – Azərbaycan və Türkiyədən İrana və əks
istiqamətə elektrik enerjisi ötürəcək.
Bakı üçün bu təkcə iqtisadi layihə deyil, həm də siyasi
mesajdır: Azərbaycan keçmiş düşməni tərəfdaşa çevirən sistem
qurmağa hazırdır. İrəvan üçün isə bu, beynəlxalq investorların
etimadını bərpa etmək imkanıdır.
Prezident İlham Əliyev “infrastruktur vasitəsilə yumşaq güc”
konsepsiyasının memarıdır. Dövlət başçısının strategiyası sadə və
effektivdir: Azərbaycanın boru kəmərləri, yolları və enerji xətləri
haradan keçirsə, orada müharibə mənasız olur. Çünki hər körpü, hər
dəmir yolu, hər yarımstansiya etimad iqtisadiyyatı yaradır.
Ermənistan bu sistemə daxil ola bilər – vassal kimi yox, ortaq
şəbəkənin iştirakçısı kimi. Və otuz ildən sonra bu ssenari artıq
utopiya təsiri bağışlamır.
Dünya siyasətində nadir hallarda hərbi qələbə qazanan ölkə
revanş deyil, barış yolunu seçir. Azərbaycan bu qaydanın
istisnasına çevrildi.
Ərazi bütövlüyünü bərpa etdikdən sonra dövlət öz qələbəsinə
qapanmadı, əksinə – onu quruculuğun alətinə çevirdi. Məhz bu,
strateji yetkinliyin göstəricisidir: gücü sülhə, üstünlüyü
inteqrasiyaya, nəzarəti inkişafa çevirmək.
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan ilə Ermənistan
arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada
olduğunun yaxşı göstəricisidir”, dedikdə, bu, diplomatik jest
deyil, yeni paradiqmadır.
Bu paradiqma belə anlayışa əsaslanır: regional təhlükəsizlik
iqtisadi qarşılıqlı asılılıq olmadan mümkün deyil. Heç bir alyans,
heç bir zəmanət sülhü o qədər möhkəm saxlaya bilməz, nə qədər ki,
ortaq maraq – gəlir, tranzit və sabitlik marağı var.
Azərbaycan dəhlizləri açmaqla mərhəmət nümayiş etdirmir. O,
sivil inkişafın etnik xəyallardan güclü olduğuna inanır. Bu –
realizmin ən yüksək formasıdır.
Paşinyan, revanşist dairələrin müqavimətinə baxmayaraq, yəqin
ki, anlayıb: Ermənistanın “mühasirədəki qala” rejimində qalması
fəlakətə aparır.
Və əgər bu gün İrəvanda ittihamlar yox, təşəkkür sözləri
səslənirsə – deməli, qorxu yerini məntiqə verir.
Ermənistan daxilində, əlbəttə, hələ də köhnə miflərdən imtina
etməyə hazır olmayan qüvvələr var. Onlar üçün illüziyalar
dünyasında yaşamaq rahatdır – orada günahkar həmişə qonşudur,
məğlubiyyət isə “böyük dövlətlərin xəyanəti” ilə izah olunur. Amma
iqtisadiyyat çökəndə, gənclər ölkəni tərk edəndə bu arqumentlərin
mənası qalmır.
Azərbaycanın təklif etdiyi sülh – təslimiyyət deyil, xilas
yoludur.
Bu sülh inkişaf, normal həyata dönüş imkanı verir. Axı yollar,
elektrik stansiyaları və bazarlar səngərlərlə müqayisədə daha çox
təhlükəsizlik təmin edir.
Qazaxıstandan Ermənistana Azərbaycanın ərazisi vasitəsilə həyata
keçirilən ilk buğda tədarükü – yalnız başlanğıcdır. Ardınca yeni
kateqoriyalar gələcək: tikinti materialları, metal, yanacaq,
elektrik enerjisi. Fiziki axınlardan sonra isə rəqəmsal axınlar
gələcək – məlumatlar, sərmayələr, texnologiyalar.
Ekspertlərin hesablamalarına görə, ilkin mərhələdə ikitərəfli
ticarət dövriyyəsi 100 milyon dollara çata bilər. Amma rəqəmlər
yalnız səthdə olan göstəricidir. Əsas məsələ başqadır: etimad
mədəniyyəti formalaşır.
İllərlə İrəvan düşünürdü ki, etimad zəiflikdir. Bakı isə bunun
əksini sübut etdi: etimad – kapital və hakimiyyəti artıran
sərvətdir.
Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Gümrü–Qars və
Yerasx–Velidağ yollarının bərpası, Ermənistanın Qara dəniz enerji
kabelinə qoşulma perspektivi – bunlar Cənubi Qafqazın yeni
arxitekturasının elementləridir.
Bu, qarşıdurmanın deyil, əməkdaşlığın daha sərfəli olduğu bir
regiondur.
Əgər bu proseslər davam edərsə, 2030-cu ilə qədər Cənubi Qafqaz
bütün postsovet məkanına nümunə ola bilər – müharibədən sonra təkcə
birgə mövcudluğun deyil, inteqrasiyanın mümkün olduğunu göstərən
model.
Bakı, Tbilisi və İrəvan öz “kiçik Aİ” modelini yarada bilər –
burada iqtisadi qarşılıqlı asılılıq təhlükəsizliyi hər hansı
ordudan daha etibarlı təmin edər.
Tarix təkrarlanır, amma fərqli məntiqdə. Avropa da İkinci Dünya
müharibəsindən sonra kömür və poladdan başladı, iqtisadi əlaqələri
sülhün bünövrəsinə çevirdi. Cənubi Qafqaz da bu yolu təkrarlaya
bilər.
Relslər, borular, kabellər və yollar yeni diplomatiyaya çevrilir –
emosiyasız, amma nəticəli diplomatiyaya.
Bakı çoxdan sadə bir formulu irəli sürüb: “Sülh istəyən yollar
çəksin.” İndi bu formulə qulaq asanlar arasında bir vaxtlar
Azərbaycanda yalnız təhlükə görənlər də var.
Əgər bu yollar tikilərsə, bir neçə ildən sonra “sərhəd” anlayışı
burada əvvəlki mənasını itirəcək – bölgü xətti deyil, maraqların
kəsişmə nöqtəsi olacaq.
Ermənistanın uzun illər şovinizm yuxusundan oyanışı ağrılı, amma
qaçılmaz prosesdir.
Onun hazırkı transformasiyası xarici təzyiqin deyil, miflərdən
doymağın nəticəsidir – çünki o miflər nə qarnı doyurur, nə evi
isidir.
Paşinyan bəlkə nə qəhrəmandır, nə də islahatçı. Amma o, yeni
dövrün simptomudur – artıq keçmişdə yaşayanların belə gözlərinin
açıldığı bir dövrün.
Əgər bu kurs qorunarsa, Cənubi Qafqaz geosiyasi oyunların
meydanı olmaqdan çıxacaq və öz mahiyyətinə qayıdacaq –
sivilizasiyaların kəsişdiyi məkana çevriləcək.
O zaman regionun dəmir yolları ilə tanklar yox, buğda yüklü
vaqonlar hərəkət edəcək.
Elektrik xətləri ilə qorxu deyil, işıq axacaq.
Və “qonşu” sözü yenidən “tərəfdaş” sözünün sinoniminə
çevriləcək.

