Milli Məclisin sədri Sahibə Qafarova Estoniyanın xarici işlər naziri ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 22-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə
səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus
Tsahkna ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələrimizi birləşdirən dostluq
münasibətlərindən və qarşılıqlı faydalı əməkdaşlıqdan söz açan
parlamentin spikeri, dövlətlərarası münasibətlərin inkişafında ali
və yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin, eləcə də
imzalanan sənədlərin mühüm rol oynadığını deyib. O, həmçinin,
özünün üç il öncə Estoniyaya rəsmi səfəri çərçivəsində keçirilən
görüşləri məmnunluqla xatırladıb.

Söhbət zamanı, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə
daha da inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib.

Spiker Sahibə Qafarova qonağa Vaşinqton görüşü və
Azərbaycan-Ermənistan arasında normallaşma prosesi ilə bağlı
fikirlərini çatdırıb, həmçinin, özünün Cenevrədə Ermənistan
parlamentinin spikeri ilə baş tutan görüşü haqqında məlumat
verib.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş
barədə məlumat verən Estoniyanın xarici işlər naziri Marqus
Tsahkna, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrini əhatə
edən əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsinin
aparıldığını bildirib. Qeyd olunub ki, Estoniya Azərbaycanı
regionda çox vacib tərəfdaş kimi görür və Azərbaycanla
münasibətlərin bütün istiqamətlər üzrə dərinləşməsində
maraqlıdır.

O, həmçinin Azərbaycan ilə Ermənistan arasında Vaşinqton
görüşündə əldə olunan nailiyyətlər münasibətilə təbriklərini
çatdırıb və ölkəmizin regionda sülhün, əmin-amanlığın, eləcə də
əməkdaşlığın təmin olunmasındakı rolunu yüksək dəyərləndirib.

Söhbətdə parlamentlərarası əlaqələrin ölkələr arasında
ikitərəfli və çoxtərəfli münasibətlərin vacib tərkib hissəsi olduğu
vurğulanaraq, beynəlxalq platformalarda qarşılıqlı faydalı
əməkdaşlığın əhəmiyyəti, o cümlədən, qanunverici orqanlarda
fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətinin vacibliyi qeyd
olunub.