Bakı.Trend:
Oktyabrın 22-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası
(VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Trend xəbər
verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar
Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda
duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı
məsələyə də baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və
şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa
vuran namizədlər, habelə əvvəllər hakim və ya vəkil işləmiş
vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə
mərhələsində müvəffəqiyyət qazanmış şəxslərin andiçmə mərasimi
keçirilib. Namizədlər vəkil etikası və peşə borcuna sadiq
qalacaqlarına dair and içərək Kollegiyanın sıralarına qəbul
olunublar. Onlara vəsiqə təqdim edilib və gələcək fəaliyyətində
uğurlar arzulanıb.
Bundan başqa, VK Rəyasət Heyətinin üzvü İlhamə Həsənova
tərəfindən hazırlanmış “İstintaq hərəkəti protokolunun
rəsmiləşdirilməsi zamanı vəkilin peşə borcu və davranışı” adlı
metodik tövsiyənin təsdiq edilməsi məsələsi müzakirə edilib.
Müzakirədən sonra Rəyasət Heyəti metodik tövsiyəni təsdiq
olunmasını qərara alıb.
Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına
keçməsi, bir vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar
vəkillik fəaliyyətlərinin dayandırılması barədə müraciətləri
müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Həmçinin iclasda Kollegiyanın sədr müavinləri tərəfindən
regionlarda keçirilmiş monitorinqin nəticəsinə dair məruzələr
dinlənilib, müvafiq qərarlar qəbul olunub.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri
müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri
intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti müəyyən müddətə
dayandırılıb, 3 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə irad bildirilib
və 1 vəkilə isə töhmət verilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və
əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul
edilib.

