Sumqayıtda yanğın təhlükəli zavodun fəaliyyəti dayandırılıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin
təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam
etdirir.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən
Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən
“Azerbaijan Refinery Company” QSC-nin təkər emalı zavodunda
keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı
nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya
sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa
təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu
quraşdırılmayıb;

– obyektdə yanğın su hovuzu və yanğın su hidrantları mövcud
deyil, həmçinin daxili yanğın kranları quraşdırılmayıb;

– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması
Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;




– istehsalat və inzibati bina istilik və havalandırma
(ventilyasiya) sistemləri ilə təmin edilməyib;

– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam
komplektləşdirilməyib;

– obyektin ərazisi yanar tullantılardan təmizlənməyib və siqaret
çəkmək üçün xüsusi yerlər ayrılmayıb;

– yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı
tərtib olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Sumqayıt şəhəri, Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən
“Azerbaijan Refinery Company” QSC-nin təkər emalı zavodunun
fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın
bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.