Azərbaycan və Kolumbiya parlamentləri arasında əməkdaşlıq genişlənir

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri Müşfiq Cəfərov və qrupun üzvü Müşfiq
Məmmədli Kolumbiyaya səfər ediblər. Səfər Kolumbiya Konqresinin
Nümayəndələr Palatasının Kolumbiya-Azərbaycan dostluq qrupunun
dəvəti əsasında həyata keçirilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, səfər zamanı
Milli Məclisin nümayəndə heyəti Kolumbiya Konqresinin tarixi
binasını ziyarət edib, Nümayəndələr Palatası və Senatın plenar
iclaslarında iştirak edib. Plenar iclaslar zamanı Azərbaycanın
nümayəndə heyəti hər iki Palatanın sədrləri tərəfindən rəsmi
şəkildə salamlanıb, onları Kolumbiyada görməkdən məmnunluq ifadə
olunub.

Səfər çərçivəsində Kolumbiya Konqresinin Nümayəndələr
Palatasının Kolumbiya-Azərbaycan dostluq qrupunun rəhbəri Pedro
Suares və qrupun üzvləri ilə yanaşı, bir sıra ikitərəfli görüşlər
baş tutmuşdur. Senatın baş katibi Dieqo Qonsales, Nümayəndələr
Palatasının baş katibinin müavini Raul Avila, “Colombia Humana”
siyasi hərəkatının sədri Qloria Flores ilə keçirilmiş görüşlərdə
parlament diplomatiyasının və qarşılıqlı səfərlərin iki ölkə
arasında münasibətlərin inkişafında önəmli yer tutduğuna diqqət
çəkilib, ümumi çağırışlarla mübarizədə parlamentlərin iştirak
səviyyəsinin artırılmasının əhəmiyyətinə toxunulub. Tərəflər
Azərbaycan və Kolumbiya arasında dostluq və qarşılıqlı hörmətə
əsaslanan münasibətlərin möhkəmləndirilməsi baxımından
parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və yeni birgə
təşəbbüslər barədə fikir mübadiləsi aparıblar. Görüşlər zamanı
Kolumbiya tərəfinə ötən müddətdə Konqresin istər keçmiş münaqişə,
istərsə də Xocalı soyqırımı ilə bağlı tutduğu ədalətli mövqeyə və
Azərbaycanın haqq səsini dəstəkləyən çoxsaylı sənədlərin qəbuluna
görə bir daha minnətdarlıq bildirilib.

Səfər zamanı həmçinin Kolumbiyanın səhiyyə naziri Qiyermo
Xaramiyo və Kolumbiya xarici işlər nazirinin Ofisinin rəisi,
Kolumbiyanın 2019-2022-ci illərdə ölkəmizdə səfiri olmuş Luis
Dimate ilə nəzakət görüşləri keçirilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin şərəfinə nahar
verilib. Naharda Kolumbiya Konqresinin Nümayəndələr Palatasının
Kolumbiya-Azərbaycan dostluq qrupunun üzvləri, iş adamları və KİV
nümayəndələri iştirak ediblər. Azərbaycanlı parlamentarilər
Kolumbiya Konqresinin rəsmi televiziyası “Canal Congreso” və “El
Mismo” yerli televiziya kanallarına müsahibə verərək səfərlə bağlı
təəssüratlarını bölüşüblər.

Azərbaycan nümayəndə heyəti Konqresin Nümayəndələr Palatasının
Kolumbiya-Azərbaycan dostluq qrupunun rəhbəri Pedro Suaresin dəvəti
ilə Boyaka departamentinə də səfər edib. Qonaqları Kolumbiyanın
müstəqillik mübarizəsinin rəmzi sayılan Boyoka körpüsündə fəxri
qaravul və hərbi orkestr qarşılayıb. Azərbaycanlı deputatlar
P.Suareslə birlikdə “Müqəddəs Alov” abidəsinin önünə
“Kolumbiya-Azərbaycan qardaşlığı” lenti bərkidilmiş əklil qoyublar.
Daha sonra nümayəndə heyəti departamentin inzibati paytaxtı Tunxa
və Paipa şəhərlərini ziyarət ediblər.