“AzərEnerji” Energetiklər Günü ilə bağlı silsilə tədbirlər keçirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

“AzərEnerji” Energetiklər Günü ilə bağlı silsilə tədbirlər
keçirib.

Buy barədə Trend-ə “AzərEnerji” ASC-dən məlumat verilib.

Əvvəlcə Energetika Nazirliyi, “AzərEnerji” ASC və “Azərişıq”
ASC-nin rəhbərliyi və kollektivi Fəxri Xiyabana gələrək xalqımızın
ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu
Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil
və gül dəstələri qoyublar. Daha sonra Energetiklər Şəhidlər
Xiyabanına baş çəkərək, Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarını qurban verən qəhrəman Vətən
övladlarının xatirəsini anıblar.

Bayram tədbiri “AzərEnerji” ASC-nin Baş idarəetmə, elm, tədris
və laboratoriya kompleksində davam edib. Qeyd edək ki, artıq 21
ildir ki, 20 oktyabr tarixi “Energetiklər Günü” kimi qeyd olunur.
Bu peşə bayramı Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr
tarixli 446 nömrəli Sərəncamı ilə təsis edilib. Tarixin məhz bu
günə təsadüf etməsi təsadüfi deyil: 1981-ci il oktyabrın 20-də Ulu
Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi
Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan”
İES-in birinci enerji bloku istifadəyə verilib. Bu il həm də
“AzərEnerji”nin yaranmasının 90 illiyi qeyd olunur.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra
“İşıqla yazılan tarix” adlı film nümayiş olunub.




Çıxış edən “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba
Rzayev Prezident İlham Əliyevin daim diqqət və qayğısı ilə
əhatələnən energetika sektorunda həyata keçirilən genişmiqyaslı
işlər barədə məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin
balanslı şəkildə ənənəvi və “yaşıl enerji” mənbələrinə əsaslanan
strategiyasına uyğun olaraq, son 20 ildə 5400 MVt gücündə yeni
generasiya mənbələri yaradılıb. Təkcə son 5-6 ildə istifadəyə
verilən yeni stansiyaların ümumi gücü 3000 MVt-dan artıqdır.

Son illərdə görülən tədbirlər nəticəsində 1 kilovat-saat
elektrik enerjisinin istehsalı üçün sərf olunan şərti yanacağın
miqdarı 284 qramdan 240 qrama endirilib. Baba Rzayev qeyd edib ki,
bununla 3,3 milyard kubmetr təbii qaza qənaət edilib və 6,4 milyon
ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. “Bu gün
Azərbaycan elektroenergetikası regionda bir çox inkişaf etmiş
ölkələr üçün nümunə göstəriləcək səviyyəyə çatıb. Bu, Prezident
İlham Əliyevin düşünülmüş və hərtərəfli hesablanmış enerji
strategiyasının bariz nümunəsidir,” – deyə o vurğulayıb.

“Energetiklər Günü” ilə bağlı tədbirlər təkcə Bakıda deyil,
regionlarda da keçirilib. “AzərEnerji” tərəfindən ölkənin ən böyük
yarımstansiyası olan 500/330 kV-luq “Nəvahi Yaşıl Enerji Qovşağı”
ərazisində ağacəkmə aksiyası təşkil olunub. Bununla yanaşı,
Naxçıvan Muxtar Respublikası, Qarabağ Regional Elektrik Şəbəkəsi və
“Energetiklər şəhəri” adlandırılan Mingəçevir də daxil olmaqla
müxtəlif bölgələrdə bayram tədbirləri baş tutub.