Bakı. Trend:
AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin,
marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin
edilməsi ilə bağlı tədbirlərin davamı olaraq bir sıra avtobus
marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Trend bu barədə
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Marşrutlar və qalibləri aşağıdakı kimidir:
Gəncə – Qazax və Qovlarsarı (Samux) – Gəncə (dəmiryol vağzalı)
marşrutları üzrə fiziki şəxs Əsgərov Taleh Qafar oğlu;
Qazax – Gəncə marşrutu üzrə fiziki şəxs Mirzəyev Xəyal Vəli
oğlu;
Şəmkir – Gəncə və Könüllü (Şəmkir) – Gəncə (avtovağzal)
marşrutları üzrə hüquqi şəxs “Şəmkir-Sərnişinnəqliyyat” ASC;
Gəncə – Goranboy, Goranboy – Gəncə, Zəyəm Cırdaxan (Şəmkir) –
Gəncə (avtovağzal) və Qarabağlar (Samux) – Gəncə (dəmiryol vağzalı)
marşrutları üzrə hüquqi şəxs “Simurq-Avto” MMC qalib elan
olunublar.
Qeyd edək ki, müsabiqələrin nəticəsinə əsasən, Gəncə – Qazax,
Qazax – Gəncə və Şəmkir – Gəncə istiqamətləri üzrə istismar
ediləcək avtobuslar 2025-ci il istehsalı olan müasir nəqliyyat
vasitələridir.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun
olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.
Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,
təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların
təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər
Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə
təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

