Bakıda taksi icazələrinin sayı tənzimlənir

Baş səhifə

Bakı. Trend:

Bakı şəhərində taksi icazələrinin sayı tənzimlənir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin taksi ilə sərnişin
daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər
tətbiq edilməsi haqqında qərarına əsasən, Bakı şəhəri üzrə bu say
həddi 25000 ədəd müəyyən edilib.

Xatırladaq ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən,
taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətə göstərmək
istəyən hüquqi və fiziki şəxslər daşımaya icazə üçün buraxılış
vəsiqəsi, daşımaları yerinə yetirmək üçün taksi nəqliyyat
vasitələrinə isə buraxılış vəsiqəsinin əlavəsi hesab olunan
buraxılış kartı almalıdırlar.

Kvotanın tətbiqi paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin
səmərəliliyinin və keyfiyyətinin artırılması, ümumi istifadədə olan
avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə
sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədini
daşıyır və “Avtomobil nəqliyyatı haqqında” Qanunun müvafiq
maddəsinə uyğun olaraq tənzimlənir. Nəqliyyat növləri arasında
balanslaşdırılmış daşıma siyasətinin təmin edilməsi üçün kvota
tətbiqi təcrübəsi dünya ölkələrində də geniş istifadə olunur.

Məlumat üçün bildiririk ki, taksi sahəsində islahatların
başlanıldığı ötən dövr ərzində mühüm nəticələr əldə olundu. Belə
ki, taksi ilə sərnişin daşımaları sahəsində icazələrin tətbiqinə və
bu istiqamətdə fəaliyyət göstərən daşıyıcıların və onların
nəqliyyat vasitələrinin müvafiq qaydada uçotuna başlanıldı, davamlı
nəzarətin qurulması təmin edildi. Taksi fəaliyyəti göstərən
sürücülər isə peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə xüsusi
hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olundu və imtahan
nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata
keçirməyə başladılar. Bütün proseslərə tam nəzarətin təmin edilməsi
məqsədilə ‘E-taksi’ alt sistemi yaradıldı. Bütün taksi icazələri
fiziki təmas olmadan onlayn qaydada həyata keçirilir.




İslahatların həyata keçirilməsindən əvvəl taksi parkının 62%-nin
istismar müddəti 15 ildən artıq olduğu halda, islahatlardan ötən
qısa zaman kəsiyində mühüm nailiyyət oldə olundu və artıq taksi
parkının 67%-nin istismar müddəti 8 il təşkil edir. Görülən
tədbirlər nəticəsində taksi parkı yeni və ekoloji baxımdan təmiz
avtomobillərlə əvəz olunub.

14 oktyabr 2025-ci il tarixinə olan məlumata əsasən, taksi
daşımalarına Bakı şəhəri üzrə verilmiş buraxılış vəsiqələrinin sayı
19554, nəqliyyat vasitələrinə verilmiş buraxılış kartlarının sayı
isə 34014-dür. Bu avtomobillərin təxminən 55%-i və ya 18825 ədədi
son 5 ildə istehsal olunan nəqliyyat vasitələridir.
Əgər islahatlardan əvvəl taksi parkında fərqli nəqliyyat
vasitələrini görmək mümkün idisə, islahatlar nəticəsində Nazirlər
Kabinetinin qərarı ilə müəyyən edilmiş ağ və qırmızı rəngli
nəqliyyat vasitələri artıq taksi parkının 79%-ni təşkil edir.
Taksi fəaliyyəti sahəsində şəffaflığın və xidmət keyfiyyətinin daha
da artırılması məqsədilə yeni elektron mexanizmlərin tətbiqi həyata
keçirilir (sürücü və nəqliyyat vasitəsinin tanınması, taksi üçün
“rəqəmsal əkiz”). Hazırda texnoloji həllər vasitəsilə ümumi
nəzarətin artırılması üzərində iş aparılır.

Bu günədək həyata keçirilən islahatlar özünü doğruldub və mühüm
nailiyyətlər əldə olunub. Hazırda isə kvotanın tətbiqi nəqliyyat
növləri arasında balanslaşdırılmış siyasətin həyata keçirilməsinə
şərait yaratmaqla yanaşı keyfiyyətli taksi xidmətinin təmin
olunmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, kvotanın tətbiqi verilmiş icazələrin kvotadan
artıq hissəsinin ləğvini nəzərdə tutmur və hazırda icazə almış
bütün daşıyıcılar onlara məxsus nəqliyyat vasitələri ilə daşımaları
həyata keçirməyə davam edəcəklər. Kvotaya uyğunlaşma isə
“Lisenziyalar və icazələr haqqında” Qanunun müəyyən etdiyi
tələblərə uyğun həyata keçiriləcək. Yeni icazələrin verilməsi
növbəlilik əsasında təmin ediləcək.