
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarovanın Pakistan İslam
Respublikasına işgüzar səfəri çərçivəsində ölkə Senatının sədri
Syed Yusuf Raza Gilani ilə görüşü olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, görüşdə ölkələrimiz arasında münasibətlərin dostluq
və qardaşlıq prinsiplərinə söykənərək uğurla inkişaf etməsindən
məmnunluq ifadə olunub.
Əlaqələrimizin yüksək səviyyəyə çatmasında ölkə liderlərinin
qarşılıqlı səfərlərinin mühüm rol oynadığı diqqətə çatdırılıb. Bu
münasibətlərin inkişafında parlamentlərin xüsusi roluna diqqət
çəkən spikerlər, qanunverici orqanlarımızın həm ikitərəfli əsasda,
həm də müxtəlif platformalarda əməkdaşlığını yüksək
qiymətləndiriblər.
Söhbət zamanı Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin
Üçüncü Üçtərəfli görüşünün keçirilməsi münasibətlərimizin daha da
genişləndirilməsinə töhfə kimi dəyərləndirilib, həmçinin qarşılıqlı
maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi
aparılıb.

