Bakı. Trend:
Milad bayramına qədər ictimai yerlərdə bıçaq və ya silah
gəzdirməyə görə cəzanın artırılmasını nəzərdə tutan qanun
layihəsini təqdim ediləcək.
Trend xəbər verir
ki, bunu Norveçin ədliyyə naziri Astri Os-Hansen bildirib.
Nazirin sözlərinə görə, yeni qanunla bu qayda pozuntusuna görə
cəza müddətinin iki dəfə artırılması da mümkündür. Hazırda belə
hallara görə cərimə və ya bir ilədək həbs, ağır hallarda isə üç
ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.
Qərar ölkədə silahlı cinayətlərin artması ilə əlaqədar qəbul
edilib. Hökumət, həmçinin, uşaqların cinayət fəaliyyətinə cəlb
edilməsinə görə cinayət məsuliyyətini gücləndirməyi və
yeniyetmələrin iştirakı ilə bağlı işlərin baxılma prosedurunu
sürətləndirməyi planlaşdırır.
Uşaq və ailə məsələləri üzrə nazir Lene Voqslid isə bildirib ki,
uşaqların müdafiə sistemində əlavə tədbirlər görüləcək. Bu, Oslo və
Sarpsborqda 15 yaşdan kiçik yeniyetmələrin silahlı hücumlarda
iştirak şübhəsi ilə saxlanılmasından sonra gündəmə gəlib.
Yeni planlara əsasən, uşaq müdafiəsi müəssisələri uşaqların
təmaslarını, telefon və internetə çıxışlarını müvəqqəti
məhdudlaşdıra, həmçinin onların yazışmalarına nəzarət edə biləcək.
Tədbirlərin gələn ilin əvvəlində qüvvəyə minməsi gözlənilir.
“Vicdansız cinayətkarlar sosial şəbəkələrdə həssas uşaqları
məqsədyönlü şəkildə axtarırlar. Biz onları təhlükədən və cəlb
edilmədən qorumağa borcluyuq”, – deyə Voqslid vurğulayıb.

