
Bakı. Trend:
Terroru maliyyələşdirmədə təqsirləndirilən Xəqani Ömərov, Anar
Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi
Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi
keçirilib.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın
sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi vəsatətlə çıxış
edib.
Xəqani Ömərovun vəkili məhkəmədən hüquqlarını müdafiə etdiyi
şəxsə münasibətdə cinayət işinə xitam verilməsini xahiş edib.
Məhkəmə vəsatəti əsassız olduğu üçün təmin etməyib.
Sonra prosesdə şahidlər ifadə veriblər.
Daha sonra iş üzrə şahid qismində cəlb edilmiş 4 nəfərin
iştirakı olmadan istintaqa verdikləri ifadələr elan edilib.
Məhkəmə prosesi 28 oktyabrda davam etdiriləcək.
Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat
nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki,
təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici
ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri
köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin
214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham
irəli sürülüb.

