
Bakı. Trend:
Tədbirdə tikintiyə və istismara icazələrin alınmasında
mövcud vəziyyət və nəzərdə tutulan tədbirlər müzakirə edilib,
sahibkarların təklifləri dinlənilib.
“Bakı KOB evi”ndə “Tikintiyə və istismara icazələrin alınması
üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və
onların optimallaşdırılması ilə bağlı imkanlar” mövzusunda ictimai
müzakirə təşkil olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında
İctimai Şuranın təşkilatçılığı, Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin
və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının dəstəyi ilə keçirilən tədbirdə tikinti
sektorunda fəaliyyət göstərən sahibkarlar və aidiyyəti qurumların
nümayəndələri iştirak ediblər.
KOBİA yanında İctimai Şuranın sədri Samir
Abdullayev tədbirin tikinti sektorunda qanunvericiliyin
tələbləri, tikinti və istismara icazələrin verilməsi, bu sahədə KOB
subyektlərinin qarşılaşdığı çətinliklərin dövlət-özəl sektor
əməkdaşlığı çərçivəsində müzakirə edilməsi və əməkdaşlığın
genişləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri
Vüsal Şıxəliyev qeyd edib ki, tikinti və istismara
icazələrin verilməsi sahəsində görülən işlər və nəzərdə tutulan
tədbirlərlə bağlı ictimai müzakirənin təşkili sektor üzrə
çağırışlarla bağlı fikir mübadiləsinin aparılması, işlərin
koordinasiyalı təşkili və dövlət-özəl sektor əməkdaşlığının
inkişafı baxımından əhəmiyyətlidir. Belə tədbirlər həmçinin mövcud
prosedurların optimallaşdırılması və müvafiq sahədə islahatların
həyata keçirilməsi üçün faydalıdır.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi
Read Qasımov bildirib ki, tikinti sahəsinin
rəqəmsallaşdırılmasına dair “Elektron Tikinti Portalı” 2019-cu ildə
istifadəyə verilib. Hazırda bütün proseslər tam rəqəmsal formatda
həyata keçirilir ki, bu da şəffaflığı və etimadı təmin edir. Sektor
üzrə islahatlar və proseslərin təkmilləşdirilməsi üzərində sistemli
işlər davam etdirilir. Paytaxtın uzunmüddətli inkişafını müəyyən
edən əsas sənəd Bakı şəhərinin 2040-cı ilədək Baş Planıdır. Bu
sənəd paytaxtın inkişafına aydın istiqamət verir: hər yeni layihə
ümumi konsepsiya ilə uzlaşdırılır, xaotik tikinti istisna olunur,
yaşayış, biznes və ictimai məkanlar arasında balans qorunur,
şəhərin memarlıq siması isə saxlanılır.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov
tikinti və istismar icazələri ilə bağlı prosedurların
sadələşdirilməsinin, xüsusilə də elektron icazə sistemlərinin
tətbiqinin KOB-lar üçün yeni imkanlar açdığını qeyd edib. Bu,
KOB-ların vaxt və vəsait itkisini minimuma endirir, fəaliyyətlərini
daha çevik qurmasına şərait yaradır və biznes mühitinin inkişafına
töhfə verir. Bununla belə, icazə prosedurlarının dəyişdirilməsi
zamanı bunun sahibkarların fəaliyyətinə təsiri əvvəlcədən ciddi
təhlillər əsasında qiymətləndirilməli, müraciətlərin qəbulu və
cavablandırılması üçün vahid elektron platformanın imkanları
genişləndirilməli, KOB-ların bu sahədə vaxt və vəsait itkilərinin
azaldılması üçün rəqəmsal həllərin və innovativ yanaşmaların
dəstəklənməsi diqqət mərkəzində saxlanılmalıdır. KOBİA sədri qeyd
edib ki, sahibkarlar mövcud qanunvericilik və normativ tələblərlə
yaxından tanış olmalı, elektron icazə platformalarından aktiv
istifadə etməli və rəqəmsal imzalarla işləməyi vərdişə çevirməli,
icazə prosedurlarında vaxt itkisini minimuma endirmək üçün bütün
zəruri sənədləri əvvəlcədən tam hazırlamalıdır. KOBİA bu sahədə
sahibkarlara zəruri əlaqələndirmə və dəstək göstərməkdə davam
edəcəkdir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının prezidenti Məmməd Musayev
qeyd edib ki, tikintiyə və istismara icazələrin verilməsi sahəsində
rəqəmsallaşdırma, prosedurların sadələşdirilməsi sahəsində
tədbirlər görülüb, bununla belə müvafiq istiqamətdə proseslərin
daha da optimallaşdırılması sahibkarların gözləntiləri
sırasındadır.
Tədbirdə sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər
dinlənilib, onların həlli ilə bağlı müzakirələr aparılıb, sualları
cavablandırılıb.

