Azərbaycan nümayəndə heyəti Qazaxıstanda “Yeni İpək Yolu” forumunda iştirak edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qazaxıstanın Almatı şəhərində “Yeni İpək Yolu” VII Beynəlxalq
Nəqliyyat və Logistika Biznes Forumu keçirilib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
məlumat verilib.

Bildirilib ki, beynəlxalq tədbirdə Azərbaycan rəqəmsal inkişaf
və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi
nümayəndə heyəti ilə təmsil olunub. Beynəlxalq nəqliyyat
əməkdaşlığının gücləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və
regional logistika potensialının reallaşdırılması forumun əsas
müzakirə mövzuları olub.




Forum çərçivəsində “Nəqliyyat əlaqəliliyi və nəqliyyat
dəhlizlərinin sinxronizasiyası” mövzusunda panel iclas, Türk
Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin VIII
iclası təşkil edilib. Həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu (TMTM) ölkələrinin nümayəndə heyəti rəhbərlərinin görüşü
keçirilib.

Beynəlxalq tədbirdə bir sıra mühüm sənədlər imzalanıb. Buraya
TMTM marşrutu üzrə dəmir yolu seqmentində mövcud “dar boğazlar”ın
aradan qaldırılması məqsədilə tədbirlər planı, Transxəzər marşrutu
üzrə nümayəndə heyətlərinin görüşünə dair protokol, Türk Dövlətləri
Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin VIII iclasının
yekunları ilə bağlı kommünike daxildir.