
Bakı. Trend:
Uşaqlarda da xroniki yorğunluq sindromu müşahidə oluna bilər.
Lakin bu, böyüklərlə müqayisədə daha nadir haldır.
Trend
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
Onun sözlərinə görə, bu sindrom davamlı və səbəbi izah olunmayan
yorğunluqla xarakterizə olunur, ən azı altı ay davam edir və
istirahətlə tam aradan qalxmır:
“Uşaqlarda bu vəziyyət gündəlik həyat fəaliyyətlərinə, məktəbə
davamiyyətə və dərs oxumağa ciddi təsir göstərə bilər. Ən çox rast
gəlinən əlamətlər arasında gücsüzlük, diqqət və yaddaşda zəifləmə,
baş, əzələ və oynaq ağrıları, yuxu pozuntuları və infeksiyalardan
sonra vəziyyətin daha da pisləşməsi qeyd olunur. Səbəbləri tam
dəqiqləşdirilməsə də, infeksiyalardan sonra yaranması, immun
sistemində dəyişikliklər, stres və yuxu rejimində pozuntularla
əlaqələndirilir”.
Nazirliyin mütəxəssis-ekspert bildirib ki, diaqnozun qoyulması
çətindir, çünki oxşar əlamətlər dəmir çatışmazlığı, qalxanabənzər
vəzin xəstəlikləri və ya psixoloji problemlərdə də müşahidə oluna
bilər:
“Müalicəsi əsasən simptomların yüngülləşdirilməsi, həyat
tərzinin yaxşılaşdırılması, düzgün yuxu və qidalanma rejiminin
tənzimlənməsi, həmçinin psixoloji dəstək üzərində qurulur”.

