Azərbaycan və Özbəkistan xalqlarını əsrlərin dərinliklərindən gələn qardaşlıq telləri birləşdirir – Əhməd İsmayılov

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Özbəkistan xalqlarını əsrlərin dərinliklərindən
gələn qardaşlıq telləri birləşdirir.

Trend xəbər
verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Rəqəmsal
Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media
Forumunda çıxış edərkən deyib.

O bildirib ki, bu gün həmin tarixi bağlar dövlət başçılarımız –
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və
Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin
güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək
mərhələyə çatmışdır:




“İkitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlməsi bütün sahələrdə, o cümlədən media sahəsində
əməkdaşlığımızın gücləndirilməsi üçün geniş imkanlar açır. Son
onillikdə qlobal informasiya məkanında baş verən proseslər medianın
mahiyyətini tamamilə dəyişmişdir. İnformasiyanın istehlak forması
sürətlə rəqəmsallaşır, sosial şəbəkələr və onlayn platformalar
informasiya mübadiləsinin əsas kanallarına çevrilir. Rəqəmsal
transformasiya medianın operativliyini artırmaqla yanaşı, həm də
onun qarşısına yeni məsuliyyətlər qoyur. Burada əsas məsələ
informasiya bolluğunda dəqiq, obyektiv və etibarlı xəbərin təmin
edilməsidir”.

Onun sözlərinə görə, Azərbaycan mediasında son illərdə dövlətin
dəstəyi ilə məhz bu istiqamətdə ciddi islahatlar həyata
keçirilir.

“Özbəkistan mediasının da oxşar transformasiya mərhələsindən
keçməsi əməkdaşlığımızın aktuallığını daha da artırır. Çünki biz
oxşar çağırışlarla üz-üzəyik: dezinformasiyaya qarşı mübarizə,
peşəkar jurnalistikanın qorunması, gənc nəslin rəqəmsal mühitdə
maarifləndirilməsi, milli maraqların beynəlxalq informasiya
axınında qorunması.
Bu baxımdan, Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığı
sadəcə iki ölkə mediası üçün deyil, bütövlükdə region üçün nümunəvi
bir model ola bilər. Çünki bizim xalqlarımızın ortaq dəyərləri,
ortaq tarixi yaddaşı var. Media bu dəyərlərin qorunub gələcək
nəsillərə ötürülməsində əvəzsiz vasitədir” – deyə o vurğulayıb.