
Bakı. Trend:
Azərbaycanın hər bir sahədə qazandığı uğurların
xronologiyasından bəhs edərkən daim tarixi Zəfərimizin,
suverenliyimizin tam bərpasının yaratdığı reallıqları xüsusi qeyd
edirik. Bu baxımdan xarici siyasət uğurlarımız da diqqətdən kənarda
qala bilməz. Bunun üçün ölkəmizin ötən 5 ildə ayrı-ayrı dövlətlərlə
istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində
əlaqələrinin inkişafına diqqət yetirmək kifayətdir. Dövlət başçısı
İlham Əliyevin sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci
sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının
Nyu-York şəhərinə işgüzar səfəri hazırda ölkə və dünya mətbuatında
geniş şərh edilir. Ümumiyyətlə, diqqət yetirsək görərik ki,
Prezident İlham Əliyevin qatıldığı hər bir beynəlxalq tədbir
Azərbaycana, dövlətimizin başçısına olan hörmət və etimad ilə
diqqətdə olur. Tədbirlərdən öncə qarşı tərəflərin müraciətləri
əsasında Prezident İlham Əliyevlə keçirilən görüşlər, günün aktual
məsələləri ilə bağlı Azərbaycanın mövqeyinə verilən üstlünlük bunun
bariz nümunəsidir. Prezident İlham Əliyevin Nyu-Yorka işgüzar
səfəri də bu baxımdan diqqətdədir.
Bu fikirləri Trend-ə Milli
Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.
Millət vəkili bildirib ki, dövlətimizin başçısının dünyanın
alternativ investisiyalar sahəsində ən böyük idarəedici
şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin
baş icraçı direktoru Brüs Flətt, “Neuberger Berman” şirkətinin
sədri və baş icraçı direktoru Corc Volker və “Blackstone”
şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə
görüşləri bunun bariz nümunəsidir. Belə ki, “Brookfield Asset
Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt 2023-cü ildə
ölkəmizə səfəri zamanı Azərbaycanda müşahidə etdiyi iqtisadi
nailiyyətlərin və inkişaf proseslərinin onda dərin təəssürat hissi
yaratdığını, rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası
Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini
xüsusi qeyd edib. Brüs Flətt Vaşinqtonda Azərbaycan ilə Ermənistan
arasında münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilmiş
nəticələrə görə təbriklərini çatdıraraq, bunun bölgədə iqtisadi
əməkdaşlığın dərinləşdirilməsi üçün də yaxşı imkan yaratdığını
bildirdi. “Neuberger Berman” şirkətinin sədri və baş icraçı
direktoru Corc Volker rəhbərlik etdiyi şirkətin qlobal maliyyə və
investisiya fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla
əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. O, yeni layihələr
çərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcud imkanların
dəyərləndirildiyini bildirdi. Prezident İlham Əliyev ölkəmizin
beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə
əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini qeyd edərək bu
xüsusda “Neuberger Berman” şirkəti ilə tərəfdaşlığın bundan sonra
da uğurla davam edəcəyinə inamını ifadə etdi. “Blackstone”
şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey
Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf
proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar
yaratdığını, rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə də
Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının
genişləndirilməsində maraqlı olduğunu və ölkəmizdə formalaşmış
əlverişli investisiya mühitini yüksək qiymətləndirdiyini bildirdi.
Hər üç şirkət dünyanın ən böyük maliyyə qurumlarındandır. Bu, həmin
qurumların Azərbaycana olan marağının göstəricisidir. Ümumilikdə
səfər çərçivəsində keçirilən bütün görüşlər qarşı tərəflərin
müraciətləri əsasında baş tutur. Bu, ölkəmizə marağın, onun
liderinə olan münasibətin təsdiqidir.
Vüqar Rəhimzadə vurğulayıb ki, ölkələr arasında əlaqələrin
inkişafında iqtisadi amili nəzərə alsaq Azərbaycanın dayanıqlı
inkişaf modelinin nümunə olduğunu görərik. Ölkəmizin dünyann enerji
təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqətdədir.
Hər bir layihənin uğurlu sonluqla başa çatması Azərbaycanın bu
rolunu daha da artırır. Hazırkı dövrün əsas çağırışının yaşıl
enerjiyə keçid olduğunu da önə çəksək Azərbaycanın bu sahədə də
böyük potensiala və təcrübəyə malik olmasının əlaqələrin
inkişafında əhəmiyyətli rol oynadığının şahidi olarıq. Prezident
İlham Əliyevin Nyu-Yorkda keçirdiyi görüşlər Azərbaycanın malik
olduğu iqtisadi imkanların təqdimatında mühüm rola malikdir.
Azərbaycan bu gün investisiya cəlbediciliyi ilə də diqqətdədir.
Təbii ki, bütün bu uğurlarımız, onların zirvəsində dayanan tarixi
Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın dünya
birliyində söz sahibliyini, mövqeyini möhkəmləndirir, Prezident
İlham Əliyevə etimadı daha da artırır.
Milli Məclisin deputatı bildirib ki, BMT ailəsinin tamhüquqlu
üzvü olan Azərbaycan qurumun Nizamnaməsinin 51-ci maddəsində təsbit
edilmiş özünümüdafiə hüququndan istifadə edərək regionda sülhün və
təhlükəsizliyin bərqərar edilməsi naminə BMT-nin qətnaməsini
təkbaşına yerinə yetirən yeganə dövlətdir. Bununla da ölkəmiz BMT
ilə qurduğu 33 illik güvənə verdiyi dəyəri açıq formada sübut etdi.
Onu da qeyd edək ki, beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycan
BMT ilə əlaqələrinin inkişafında uğurlu nəticələrə imza atıb.
Azərbaycan 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının 155 üzv
dövlətinin səsini qazanaraq təşkilatın Təhlükəsizlik Şurasının
2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilib və 2015-ci ildə
BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyini” qəbul edərək
üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsi
ölkəmizin qazandığı 33 illik etimadın daha bir nümunəsidir.
2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü
kimi fəaliyyəti müddətində Azərbaycan Respublikası bir sıra
məsələlərin gündəliyə çıxarılmasına nail oldu.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan BMT-nin daha səmərəli
fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün
qorunmasına öz töhfəsini verir. Ölkəmiz BMT-nin nüfuzunun
artırılmasının tərəfdarıdır. Bu mötəbər qurum son illər dünyada
gedən təhlükəli meyillərin qarşısının alınmasında həlledici rol
oynaya bilər. Bunun üçün təşkilatın özündə ciddi islahatların
aparılması qaçılmazdır. Belə ki, əvvəldə də qeyd etdiyimiz kimi,
dünyada yeni nizamlama prosesləri gedir, qlobal təlatümlər baş
verir və bu təlatümlərin mənfi təsirləri davam edir. BMT-nin
məsələlərə operativ reaksiya verməsi, problemlərin həllində
yaxından iştirakı böyük əhəmiyyət kəsb edir. Qlobal təhlükəsizliyi
təmin etməli olan qurumun struktur və funksional cəhətdən daha da
gücləndirilməsi artıq zərurətə çevrilib. Belə olarsa, sülh amili
dünya siyasətində aparıcı faktora çevrilər, BMT-yə inam daha da
artar, ölkələrin bu əhəmiyyətli beynəlxalq təşkilatla əlaqələri
xeyli möhkəmlənər.

