
Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda “Orta Dəhliz
boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes
Forumunun iştirakçılarına müraciət edib.
Trend xəbər verir ki,
müraciətdə bildirilir:
“Sizi Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən
“Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr
olunmuş 6-cı Xəzər Biznes Forumunda ürəkdən salamlayıram.
Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan
etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks
istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur.
Azərbaycanın əlverişli coğrafi mövqeyi – iki qitənin tam
ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa
imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın
uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa
arasında daha yaxşı sinerjini təmin edən Orta Dəhliz kimi
irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta Dəhlizin
tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə
yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik
amili ilə də şərtlənmişdir.
Biz Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna,
xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və
digər logistik infrastruktura böyük investisiyalar yatırmışıq.
Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı,
Xəzər yük donanması – bütün bunlar Orta Dəhlizin funksionallığını
təmin edən vacib nəqliyyat infrastrukturdur. Orta Dəhlizin
Azərbaycan seqmentində infrastrukturun təkmilləşdirilməsi,
rəqəmsallaşdırılması, modernləşdirilməsi və ötürücülük
qabiliyyətinin genişləndirilməsi prosesi hazırda da davam
etməkdədir.
Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə
yükdaşımalarının həcmi təxminən 90 faiz artmış, yüklərin keçid
müddəti əhəmiyyətli dərəcədə azalmışdır. Aparılmış hesablamalara
əsasən 2030-cu ilədək Orta Dəhlizin yük daşıma qabiliyyətinin
2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçid
müddətinin isə 2 dəfə azalacağı gözlənilir.
Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənab
Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında
imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi
ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin
edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP)
əsasını qoydu. İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə
çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq
yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region
ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə
inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır.
TRIPP, eyni zamanda gələcəkdə enerji resurslarının daşınması,
elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, o
cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar
təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya
habına çevrilməsinə təkan verə bilər. Azərbaycan bu marşrutun yaxın
zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib.
Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü
katalizatoru qismində görür, onu infrastrukturun, sənayenin və
biznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə və
çiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik.
İnanıram ki, bugünkü tədbir regional və qlobal inteqrasiyanın
dərinləşdirilməsinə xidmət edən Orta Dəhliz və onun yaratdığı yeni
imkanlar ətrafında faydalı fikir mübadiləsinin aparılmasına və yeni
təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar
diləyirəm”.

